Cənub rayonlarında külək fəsadlar törədib.
“Terefsiz.az” xəbər verir ki, Astara və Lerik rayonlarında fəsadlar daha çoxdur.
Belə ki, Lerik rayonunun 162 yaşayış məntəqəsindən təxminən 100-də hazırda elektrik enerjisi verilişi dayanıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov vətəndaşlardan müraciətlərin daxil olduğunu bildirir. Elektrik təsərrüfatına dəyən ziyanla yanaşı, fərdi təsərrüfatlarda da evlərin damlarına və talvarlara zərər dəyib.
Astara rayonunda da güclü külək ağacları aşırıb, dam örtüklərinə ziyan vurub. Bir avtomobil aşan ağacın altında qalıb. Təxtənəkəron və Ovalan meşə massivlərində yanğın başlasa da, tez bir zamanda qarşısını almaq mümkün olub.
Lənkəranda hələlik fəsadlar qeydə alınmasa da, küləyin yaratdığı qatı toz-duman nəfəs darlığı olanlar üçün açıq havada ciddi narahatlıq yaradıb. Hazırda külək davam edir.
Martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.
Bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb:
“Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq”ın mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir”.