Güney azərbaycanlı müəllim Tehranda həbs edilib

0
63

Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan ictimai fəal, müəllim Zeynəb Həmrəng Seyidbəyli Tehranda İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən həbs edilib.

“Terefsiz.az” “GünAzTV”yə istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Zeynəb Həmrəng Seyidbəylinin saxlanıldığı yer, həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Bildirilib ki, o, müəllimlərin hüquqlarını müdafiə edən təşkilatın fəal üzvlərindən biridir. Zeynəb Həmrəng Seyidbəyli təhsil işçilərinin hüquqlarının qorunması tələbilə etiraz aksiyalarında iştirak etdiyi üçün əvvəllər də polis və təhlükəsizlik qurumları tərəfindən saxlanılıb.

Vurğulanıb ki, Güney azərbaycanlı ictimai fəal müəllim 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiyalar təşkil etməkdə” ittiham olunaraq 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu. Zeynəb Həmrəng Seyidbəyli 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

terefsiz.az