Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi azalıb

0
165

“Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminin azalması 2017-ci ildə bir neçə iri enerji layihələrinin başa çatdırılması ilə əlaqəlidir”.

Terefsiz.az saytı xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Davit Tvalabeişvili deyib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkə iqtisadiyyatına rekord həcmdə sərmayə qoyulub:

“Həmin ildə Cənubi Qafqaz boru kəmərinin inşası və Bakı-Supsa neft kəmərinin bərpası da daxil olmaqla bir neçə genişmiqyaslı enerji layihələri yekunlaşdırılıb. Bu cür layihələr hər il həyata keçirilmir və buna görə də sektorun dayanıqlığından danışanda, bu məqama xüsusi diqqət yetirilməlidir”.

Nazir müavini deyib ki, yalnız 2018-2019-cu illərdə reallaşdırılmasına başlanılan layihələr Gürcüstan iqtisadiyyatına milyard dollardan çox gəlir gətirəcək:

“Bu illərdə ölkədə enerji obyektlərinin inşasına 201 mln. ABŞ dollarından çox investisita qoyulub. Energetika Gürcüstan iqtisadiyyatının sabit inkişaf edən sektorlarından biridir. Bu sahə yalnız xarici investorlar üçün deyil, yerli investorlar üçün də cəlbedicidir”.

D.Tvalabeişvili qeyd edib ki, gələcəkdə Gürcüstanın enerji potensialının beynəlxalq səviyyədə təşviq olunması planlaşdırılır:

“Energetika bazarında həyata keçiriləcək islahatlardan sonra bizim energetika sektoru potensial investorları daha da çox maraqlandıracaq”.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcmi 1 265,2 milyon dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 35,5% azdır.

İstinad: report.az

Terefsiz.az