Hindistanın Odiş ştatında gənc həkim və köməkçiləri xəstəni səkkiz saat xərəkdə daşıyaraq onun həyatını xilas ediblər.
TEREFSİZ.AZ -ın məlumatına görə, bu barədə “Newsflare” xəbər yayıb.
Bildirilir ki, Radheşyam Cena adlı tibb işçisi ştatın cənub qərbində ucqar dağ kəndinə uşaqlara poliomielit əleyhinə peyvənd vurmaq üçün gedibmiş. Burada o, ağır doğuş keçirən yerli sakinlərdən birini görür.
Qadın əkiz uşağa hamilə olsa da, uşaqlardan biri dünyaya gəlib. Qanaxma səbəbindən qadının vəziyyəti ağırlaşır. Cena da qadına ancaq xəstəxanada kömək etməyin mümkün olduğunu anlayıb.
Ən yaxın xəstəxana dağlıq ərazidən keçməklə 30 km məsafədə olub. Qadını xərəkdə aparmaq lazım gəlib. Altı assistent və qadının iki yaxın qohumu birgə onu səkkiz saat çiyinlərində aparıblar.
Tibb işçiləri ölü doğulan ikinci uşağın həyatını qurtara bilməsələr də, qadını xilas ediblər. Hazırda onun həyati təhlükəsinin olmadığı bildirilir.