Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?

0
152

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

 

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların – müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əməkhaqları necə tənzimlənəcək?

 

“Qafqazinfo”ya bu barədə danışan İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov bildirib ki, səfərbərliyə cəlb olunan hər bir kəsin əməkhaqqı mütləq ödənilməlidir:

“Hərbi toplantı olduğu müddətdə müəssisənin ləğv olunması istisna olmaqla digər hallarda onların əmək müqaviləsinə xitam vermək qadağandır. Müəssisə ləğv olunarsa, iki aylıq çağırış müddəti uzanarsa (adətən 2-3 ay nəzərdə tutulur), həmin müəssisənin varisi o şəxsin üç ay üçün əməkhaqqını ödəməlidir”.

 

Hüquq müdafiəçisi qeyd edib ki, hərbi toplantıya gedən şəxs xəstələnərsə, döyüşdə yaralanarsa, təyin olunmuş müddətdən daha çox qalarsa, bu halda da onun əməkhaqqı ödənilməlidir:

 

“​Bu, dövlət və ya özəl formadan asılı olmayaraq, hamı üçün keçərlidir”.

 

Sahib Məmmədov əlavə edib ki, bəzən bu kimi məsələlərdə problem yaranır:

 

“Qeyri Hökumət Təşkilatlarının layihə çərçivəsində hər hansı bir əməkdaşı səfərbərliyə cəlb olunursa, o halda QHT-nin ona əməkhaqqı ödəmə imkanı yoxdur. Çünki QHT-nin, qeyri-kommersiya təşkilatının əmək haqqı fondu formalaşmayıb. O, layihə çərçivəsində bir və ya müəyyən müddət üçün əməkhaqqı ödəyə bilər”.

 

S.Məmmədov həmçinin, hərbi səfərbərliyə cəlb olunan fiziki şəxslərin əməkhaqqı məsələsinin tənzimlənməsinə də aydınlıq gətirib:

 

“Fiziki şəxslər mağaza, aptek açıb və bir neçə işçi çalışdırır. Bu yerlərdə çalışan əməkdaş səfərbərliyə cəlb olunduqda, mağaza sahibinin ona maaş ödəməyə imkanı olmayacaq. Bu kimi nüanslar var. Yaxşı olardı qanunvericilikdə nəzərdə tutulsun ki, belə  hallarda müəssisənin, fiziki şəxsin ödəniş qabiliyyəti olmadığı təqdirdə icra hakimiyyəti məsələyə baxsın. Burada bir boşluq var. Qalan məsələlər qanunvericiliklə tənzimlənir”.

 

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əməkhaqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

 

“Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında dəstək olmağımız çox vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

 

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əməkhaqqı saxlanılır:

 

“Orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

Terefsiz.az