Hamiləlik sonrası stress keçirən xanımlar üçün

0
355

Doğuş qadının həyatında ən ağrılı proseslərdən biridir. Amma bu travmanın milyonlarla gənc ananın həyatına təsiri hələ kifayət qədər öyrənilməyib.

Posttravmatik stress pozuntusu (PTSP) hədsiz stress, qorxu və kədərli hadisələrdən sonra yaranan psixoloji haldır. Bu diaqnoz ilk dəfə Birinci dünya müharibəsində qoyulub. Üstündən 100 il keçsə də, PTSP hələ də müharibəylə əlaqələndirilir və daha çox kişilərə aid edilir.

Halbuki, dünyada milyonlarla qadında doğuşdan sonra PTSP simptomları müşahidə olunur.

 

Doğuş travmasını ağır keçirən qadınlarda həmin andakı qorxu və çarəsizlik hissləri sonrakı dövrdə kabusa və yaddaşda canlanan xatirələrə çevrilib bunları yada salan hadisələr zamanı panika, narahatlıq və kədər yarada bilir; o travmanı xatırladan hər şeydən, o cümlədən, o mövzu haqqında danışmaqdan qaçmaq arzusu yaradır.

Bu cür ağır simptomların olmasına baxmayaraq PTSP xəstəlik növü kimi ancaq 1990-cı illərdə rəsmən qəbul edilib.

Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, hamiləlik və doğuş problemləriylə bağlı hər gün dünyada 803 qadın həyatını itirir.

Amma doğuş sonrası PTSP simptomları müşahidə edilən qadınların sayıyla bağlı ətraflı məlumat yoxdur. Bəzi təxminlərə görə, 100 qadından 4-ü bu simptomlardan əziyyət çəkir.

2003-cü ildə aparılan bir araşdırmanın nəticələrinə görə, “travmalı doğuş” sonrası üç qadından birində PTSP yaranır.

Dünyada hər il 130 milyon uşaq doğulduğunu nəzərə alsaq, PTSP problemiylə üzləşən qadınların böyük əksəriyyətinə bu diaqnozun qoyulmadığını təxmin etmək olar.

PTSP riski nə zaman artır?

Doğuşdan sonra PTSP simptomları fərqli şəkildə üzə çıxa bilir.

Məsələn, tez-tez doğuş anını xatırlamaq, eyni acı və qorxunu təkrar-təkrar yaşamaq, özünü təhlükədə hiss etmək, hədsiz narahat olmaq kimi…

Ekspertlər bildirirlər ki, doğuş prosesinin kifayət qədər nəzarət altında olmadığını düşünən, ya da o an xidmət və dəstəkdən məhrum olan qadınlarda PTSP riski daha yüksəkdir.

Doğuşdan çox-çox əvvəl başqa bir travma və ya depressiya keçirmiş qadınlarda isə PTSP riski beş dəfə çoxdur.

Xatirələrin toplanması problemi
PTSP beyin və hafizənin birgə fəaliyyətinin nəticəsi kimi xarakterizə edilir.

Normal halda xatirələr beynin hipokampus hissəsində toplanır.

Amma travma keçirmiş şəxsin zehni təkamül nəticəsində inkişaf etmiş və ətrafdakı təhlükələrdən qorunmağa xidmət edən “vur və ya qaç” reaksiyası nümayiş etdirir, bu zaman beynin qorxuyla əlaqəli olan badamvari cismi fəaliyyətə keçir.

Bu isə xatirələrin etibarlı şəkildə toplanması əvəzinə, beynin bu ibtidai hissəsində ilişib qalmasına gətirib çıxarır.

Travma anını xatırladan hadisə, məsələn, televizorda doğuş səhnəsi görmək şəxsin o andakı təhlükəni canlı şəkildə hiss etməsinə və təşvişə düşməsinə səbəb ola bilir.
Müayinələr zamanı məlum olub ki, PTSP simptomları müşahidə edilən keçmiş əsgərlərdə beynin sağ badamvari cismi digər insanlarda olduğundan 6 dəfə böyükdür. Bu qorxu hissinə nəzarət edir.

Eyni halın doğuşdan sonra PTSP müşahidə edilən qadınlarda da olub-olmadığını yoxlamaqla risk altında olanları aşkar etmək və gecikmiş diaqnoz problemini aradan qaldırmaq olar.

Diaqnoza təsir edən amillər
Doğuşdan sonra PTSP diaqnozunu çətinləşdirən əsas amillərdən biri qadınların öz körpəsini sevməyən pis ana kimi görünmək qorxusuyla bu haqda danışmaqdan çəkinməsidir.

Bəziləri hesab edirlər ki, doğuş travması feminist problemidir və qadınların ağrılarına və şikayətlərinə ciddi yanaşılmır.

Doğuşla bağlı seçim variantları, risklər və müalicələrlə bağlı tam məlumat verərək qadınların özlərinin qərar verməsinə nail olmaq və beləliklə də bu məsələdəki bir sıra problemləri aradan qaldırmaq olar.

Bəzi mütəxəssislər qeyd edirlər ki, hamilə olduqları zaman qadınlarla şahzadə kimi davranılması, doğuşdan sonrasa bütün diqqətin körpəyə yönəldilməsi qadınların ətrafdakılardan yardım istəməsini çətinləşdirə bilər.

Təxmin edilir ki, hamiləlik və doğuş dövründə psixi sağlamlıq problemi olan qadınların yarısı müalicə edilmir.

Mütəxəssislər doğmalarından və cəmiyyətdən mənfi reaksiya görməkdən qorxan qadınların öz problemlərini gizli saxladığını vurğulayırlar.

PTSP ailə münasibətlərinə də təsir edir
Qadınların öz problemlərini gizlətməsi onların ailə münasibətlərinə mənfi təsir edir.

PTSP ananın həm yeni doğulan körpəsi, həm də digər övladları arasındakı bağlarına, o cümlədən əriylə cinsi münasibətlərinə də ciddi ölçüdə təsir edə bilir.

Bu təsirlərin bəziləri zamanla azalsa da, bir qismi qalıcı xarakter alır.

PTSP bəzi qadınların, o cümlədən, mamaça və tibb işçilərinin karyerasına da təsir edir.

 

PTSP necə müalicə olunur?

Doğuş sonrası PTSP dərmanla və koqnitiv davranış terapiyasıyla müalicə olunur.

Bu müalicə xəstənin düşüncə və davranış tərzini söhbətlər vasitəsilə dəyişməyi nəzərdə tutur.

Göz hərəkətləriylə laqeydləşdirmə və təkrar işləmə müalicəsi isə əllə masaya yüngülvari vuraraq (və ya musiqi vasitəsilə) qadının keçmişdəki təcrübəni unudub indiki zamanda olduğunu xatırlamasına yardım məqsədi daşıyır.

Araşdırmalar zamanı məlum olub ki, meditasiya PTSP sindromlu keçmiş əsgərlərə müsbət təsir edir.
Mütəxəssislər qeyd edirlər ki, lazımi səviyyədə müalicəylə PTSP-nin öhdəsindən gəlmək mümkündür.

Ancaq bəzən qadınlardakı PTSP simptomları doğuş sonrası depressiyayla qarışıq salınır.

Mamaça və doğuş mütəxəssislərinin bu mövzuda daha yaxşı məlumatlandırılması problemin həllinə kömək edər.

Doğuş prosesində tibb işçilərinin jarqondan təmizlənmiş və daha şəfqətli leksikondan istifadəsi kimi bəsit üsullar belə qadınların fiziki və psixi problemlərini minimuma endirə bilər.

 

Terefsiz.az