Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir.

0
241

 

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.

Bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bununla əlaqədar, “Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reyslər dayandırılıb.

Eyni zamanda, AZAL aviaşirkətinin 1 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin 2 oktyabr tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.

AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.

Bundan əlavə, Fly Dubai aviaşirkəti 29 sentyabr, 1 və 3 oktyabr tarixlərinə nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, “Aeroflot” aviaşirkəti 1 və 4 oktyabr tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və “Belavia” aviaşirkəti 2 və 4 oktyabr tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.

Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adıçəkilən aviaşirkətlərə müraciət edə bilərlər.