Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Vüqar Bayramov himayədar ailəyə götürdükləri qız uşaqları üçün daha çox müavinət verilməsini təklif edib.
“Terefsiz.az”ın məlumatına görə, deputat bu fikrini bəzi ölkələrdə gender yanaşmasının olması ilə əlaqələndirib.
V.Bayramov digər ölkələrin təcrübəsindən çıxış edərək bildirib ki, orada qız uşaqlarını himayəyə götürən ailəyə daha çox ödəniş edilir: “Məqsəd də ailələrin daha çox qız uşaqlarını himayəyə götürməsidir. Bizdə də gender yanaşmasının tətbiqi vacibdir. İnkişaf etmiş ölkələrdə də himayədar ailələrlə bağlı müavinətlər müəyyənləşdirilən zaman gender yanaşması olub. Müavinətin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı da mexanizmin hazırlanmasına ehtiyac var. Çünki uşaq himayəyə götürüldükdən sonra diskriminativ münasibətin formalaşmasına gətirib çıxarmaması üçün xərclərin hesablanması mütləqdir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deputatın təklifinə cavab olaraq bunu deyib: “Qız uşaqlarının gender üstünlüyü məsələsinə gəldikdə hesab edirik ki, burada diskriminasiyaya yol vermiş olarıq. Çünki Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş 24 müəssisədə 1 559 uşaq var. Onların 1 000 nəfərə yaxını oğlandır. Biz qızlara xüsusi yanaşma tətbiq etsək, oğlanlara qarşı ayrı-seçkilik etmiş olarıq. Himayədar ailə institutu işə düşdükdən sonra bu məsələyə baxa bilərik. Əgər tələb olarsa, o zaman qız uşaqları üçün stimullaşdırıcı müavinətlərin tətbiq edilməsi məsələsini sonrakı mərhələdə müzakirə edə bilərik”.
Nazir müavini həmçinin vurğulayıb ki, əlilliyi müəyyən edilmiş uşaqlara görə himayədar ailələrə veriləcək birdəfəlik müavinətlər sağlam uşaqlara veriləcək vəsaitdən fərqlənəcək. Yəni əlilliyi müəyyən edilmiş uşaqlara veriləcək müavinətlər daha çox olacaq.