Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. O, 140 il əvvəl tikilib, bir neçə ildir ki, yenidən qurulub və cəmi dörd gün öncə ziyarətçilərin üzünə açılıb. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Hadisə şahidləri tərəfindən lentə alınan videoda körpünün troslarında bir nəfərin asılı olduğu görünür. Digərləri özlərini xilas etmək üçün çaya atılıblar.