” Hiperaktiv uşaqlarla necə davranmalı” – Psixoloq Yeganə Əliyeva

0
1520

Son dövrlərdə valideynləri narahat edən şikayətlərdən sayılan ” dəcəl, sözə baxmayan uşaq” anlayışı əslində psixologiyada xüsusi bir diaqnoz olaraq tanınır. Şikayət olaraq dilə gətirdikləri “uşaq sözümə baxmır” ,” hər yeri dağıdır” ,”dərslərini oxumur” ,”yaddaşı çox zəifdir” demələri əslində uşağın tərbiyəsiz olmağından irəli gəlmir. Belə davranışların elmi adı hiperaktivlikdir. Həddindən artıq hərəkətli uşaqlar valideynlər və müəllimlər üçün bir çox problemlər yaradır. Ona görə ki, belə uşaqlarla davranış qaydaları son dərəcə diqqət və səbr tələb edir. Bir çox ölkələrdə belə uşaqlar çoxluq təşkil edir. Buna misal olaraq Amerika, İtaliya, Fransa və İngiltərəni də misal çəkə bilərik.

Statistika göstərir ki, bu ölkələrdə hər 25-30 uşaqdan birində hiperaktivlik sindromu var. Azərbaycanda da belə uşaqlar az deyil və onların sayı günü-gündən artmaqdadır.

Hiperaktivlilik- “hiper” yunan sözü olub yüksək, “aktivias” isə hərəkət və hərəkətli deməkdir.

Uşaqların hərəki aktivliyi və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə alman alimi Henrix Hoffman təsvir etmişdir. O bunu 3 yaşlı oğlu üzərində müşahidə etmiş və kitab yazmağa başlamışdır. Bu kitabda Henrix bir dəqiqə belə sakit durmayan uşaq təsəvvür etmişdir. Hiperaktiv uşaqlar bir dəqiqə belə sakit qala bilmirlər, çox fırlanır, qaçır, əşyaları dağıdır və uzun müddət bir yerdə otura bilmirlər. Bəzən valideynlər dəcəllik edən uşaqlarına hiperaktivlik sindromunu qoyurlar. Burda önə çıxan patologiya aktivliyin miqdarı ilə deyil, onun nəzarət altına alınma dərəcəsi ilə bağlıdır. Hiperaktivlik şəxsin həddən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsilə bağlıdır.

Hiperaktivlilik genetik faktor hesab olunur. Əsasən ata xətti ilə keçir, lakin ana xətti ilə də keçildiyi görülmüşdür. Bundan savayı problemli doğuş, ana və ya uşağın infeksiyalara yoluxması uşağın ilk ilində onun həssas sinir sisteminə təsir göstərir və minimal beyin disfunksiyasının -yəni hiperaktiv uşaq sindromunun yaranmasına səbəb olur.

Hiperaktivliyin 3 əsas əlaməti var:

1. Çoxhərəkətlilik.

2. İmpulsivlik.

3. Diqqət əksikliyi.

Çoxhərəkətlilik: Bu uşaqlar həddən artıq hərəkətlidirlər, bir yerdə dayana bilmirlər, evin içində daim qaçır və ev əşyalarının üstünə çıxırlar. Sakit gedən fəaliyyət növlərini heç sevmirlər. Onlarda zaman və məkan fərqi yoxdur. Hər zaman və hər yerdə hərəkətdədirlər.

İmpulsivlik: Bu uşaqlar hisslərini gizlədə bilmirlər, öz davranışları haqqında düşünmürlər. Çox hündür yerlərə çıxa bilər, ətrafa baxmadan maşın yolunu keçə bilərlər. Daim tələsirlər, hamının sözünü kəsir, hər şeyə qarışır və sıra gözləməyi sevmirlər.

Diqqət əksikliyi: Diqqətlərini bir nöqtəyə cəmləyə bilmirlər, dərslərində çətinlik çəkirlər, fikirləri asanlıqla yayınır, tez-tez əşya itirirlər. Daim plansız iş görürlər.

Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var: Üçüncü dərəcə-hiperaktivliyin bir əlaməti olur. Uşaqda ya çoxhərəkətlilik, ya impulsivlik, ya da diqqət əksikliyi müşahidə olunur. İkinci dərəcə-hiperaktivliyin iki və ya üç əlaməti olur, ancaq bu əlamətlər beyin funksiyasını ləngitmir. Birinci dərəcə- hiperaktivliyin üç əlaməti də müşahidə olunur və bunlarla yanaşı beyin ləngimələri də görülür

Hiperaktivlilik özünü ən azı iki məkanda göstərməlidir (məktəb, ev) Qızlara nisbətən oğlanlarda daha çox görülür. Hiperaktiv uşaqlar cəmiyyətə gec adaptasiya olurlar. Belə uşaqlar birinci sinfə gedəndə daha çox problem yaşayır. Oturduqları yerdə daim hərəkət edir, oynayır, çox danışır və tələblərə tabe olmaq istəmirlər. Məktəbə səliqəli üst-başla gedib,səliqəsiz formada qayıda bilərlər.Tez-tez əşyalarını itirirlər, ev tapşırıqlarını yadda saxlamaqda çətinlik çəkirlər. Ailədə tez-tez danlanan uşaq olurlar və buna görə də onlarda bir sıra mənfi hallar yaranır.

Hiperaktiv uşaqlarla necə davranmalı:

1. İlk növbədə onlara qarşı səbrli olmaq lazımdır.

2. Rejim gözləmək çox önəmlidir.

3. Qida rasionundan şirniyyatlar və ədvalı, qızardılmış qidaları çıxarmaq lazımdır.

4. Uşaqla daim pozitiv ünsiyyət qurulmalıdır.

5. “Olmaz”, “yox” sözlərindən bacardıq qədər az istifadə olunmalıdır.

6. Qadağa qoyarkən uşağa bunun səbəbi izah olunmalıdır.

7. Cəza və mükafatdan məqsədəuyğun istifadə olunmalı.

8. Uşaqlara seçim imkanı verilməli.

9. Eyni anda bir neçə komanda verilməməli. Tapşırıqlar tək-tək deyilməli.

10. Gündəlik işlərdən bəziləri uşağa verilsə yaxşı olar. Bu işlər uşağın səviyyəsindən nə aşağı nə də yuxarı olmamalıdır.

11. Kompüter və televizor qarşısında çox qalmasına icazə verməyin. Uşağın hansı cizgi film cizgi qəhrəmanını sevdiyinə diqqət edin.

12. Təmiz hava, idman, hovuz və s. kimi xobbiləri olmalı.

13. Yuxusuz qalmalarına yol verməyin.

14. Müntəzəm psixoloq qəbulunda olmaları vacibdir.

Psixoloq Yeganə Əliyeva

Terefsiz.az