“Azərbaycan millisində Serbiya, Portuqaliya, Slovakiya və İrlandiya kimi yığmalara qarşı oynamışam. Avropa komandaları ilə ümumilikdə 15-16 oyun keçirmişəm. Bu amil mənim üçün çox faydalı oldu və təcrübəmi artırdı”.
“Terefsiz.az”ın məlumatına görə, bunu Azərbaycan millisinin və İranın “Traktor” klubunun futbolçusu Höccət Haqverdi yığmadakı çıxışı barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi portuqaliyalı Kriştianu Ronaldu və serbiyalı Duşan Vlahoviç kimi ulduzlara qarşı mübarizə apardığını bildirib: “Vlaoviç çox yaxşı fiziki gücə malikdir. Odur ki, bu forvarda qarşı oynamaq asan deyil. Serbiya yığması ilə matçda məni çox narahat etmişdi”.
Təcrübəli oyunçu UEFA Millətlər Liqasında Slovakiya və Qazaxsıtana qalib gəldikləri matçlara da toxunub: “Şükürlər olsun ki, hər iki matçda qələbə qazandıq və qrupu ikinci pillədə başa vurduq”.