Əri tərəfindən it damına zəncirlə bağlanan, işgəncələrə məruz qalan və bir həftə əvvəl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən qadının əri cinayət məsuliyyətinə cəlb olunmayacaq.
Terefsiz.az xəbər verir ki, zorakılıq qurbanı olan Xəzər rayon sakini, 36 yaşlı qadın həyat yoldaşı tərəfindən övladları ilə birlikdə işgəncələrə məruz qalıb. Bir neçə dəfə həbsdə olan həyat yoldaşı onu zəncirə vurub, övladları ilə şantaj edib. İşgəncələrdən yorulan qadın dayısının evinə, oradan isə Daxili İşlər Nazirliyi tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Birlik tərəfindən isə məsələ ilə bağlı Xəzər Rayonu Polis İdarəsinə müraciət edilib.
Bu barədə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Meriban Zeynalova deyib ki, işə baxan əməliyyatçı Anar İsayev məsələyə çox peşəkar yanaşıb:
“Dünən həmin idarənin digər müstəntiqi Tural müəllim 5 saatlıq görüşdə zərərçəkmiş xanıma “ərinlə barış, onsuz da tutulmayacaq” deyə təhrik edib. Müstəntiqin davranışı anlaşılan deyil. Mentalitetdən, ya kişi həmrəyliyindən irəli gəlir? Belə çıxır ki, zorakılıq edən şəxsə qarşı cinayət işi açılmayacaq. Bu qadının əri 10 il həbsdə olub. Hamilə və 5 aylıq övladı ilə ərinin həbsdən çıxmasını gözləyib. Əri həbsdən çıxandan sonra isə qadına olmazın işgəncələr verib və bu 2 il mütəmadi davam edib. Boynuna zəncir salıb sürüyüb, it damına bağlayıb, bədəninə qaynar su tökərək yandırıb, lüt soyundurub küçədə saxlayıb. Ata oğul övladına da eyni işgəncələri verib. Bu səbəbdən uşaq çox aqressivdir. Evində gördüyü vərdişləri sığınacaqda digər uşaqlara qarşı təkrarlayır. Uşaqları döyür, boğur və daim psixoloji gərginlik içindədir. Bu işgəncələrdən sonra qadın dayısının evində qalıb. Bizə məlumat daxil oldu ki, dayısı qadını ərinə təhvil vermək istəyir. Dərhal müdaxilə edilib və bura gətirilib”.
Hüquq müdafiəçisinin sözlərinə görə məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə müraciət edilib. “Qadına vəkil ayırmağımıza baxmayaraq, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi qadını təhrik edir ki, əri ilə barışsın. Qadının mobil telefonu və ya hər hansı artıq hərəkəti belə olmayıb. Sadəcə əri necə istəyirsə, o şəkildə də davranıb. Qadının ölüm təhlükəsi var. Baxmayaraq ki, valideynləri qadına dəstək durur, qorxur deyə hələ ki, sığınacaqda saxlayırıq. Çünki təhlükə böyükdür”,- deyə Mehriban Zeynalova əlavə edib.