IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçirilir.

0
199

Terefsiz.az saytı xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 22-27-də keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı (IAEA 2019) çərçivəsində yerli mütəxəssislərin də cəlb olunduqları praktik məşğələlər (Pre-Conference Workshops) işə başlayıb.

DİM-dən  verilən məlumata görə, builki konfrans “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunub.

Praktik məşğələlərdən biri Niderlandın Cito qiymətləndirmə təşkilatının beynəlxalq layihələr üzrə baş məsləhətçisi Niko Diterenin təqdimatında “XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili olunması” mövzusuna həsr edilib.

Bu məşğələ orta məktəb müəllimlərinə müxtəlif təhsil sahələri (oxu, riyaziyyat və təbiət elmlərində) kontekstində öz təcrübələrini tədris və funksional savadlılığı qiymətləndirmək istiqamətlərində yeniləməyə kömək edən təlim kursu qismində təqdim olunub. Məşğələnin əhəmiyyəti iştirakçıların təhsil alanlara necə dəstək olmaq barədə məlumat əldə etməyindədir. Bu qəbildən olan məlumatlara öz təcrübə sahəsi/mövzusu ilə əlaqəli funksional kontekstlərdən istifadə etməklə qiymətləndirmələrdə iştirak etmək, daha yüksək düşünmə bacarıqlarının niyə, nə vaxt və necə qiymətləndirilməsinə xüsusi diqqət yetirmək, funksional savad üçün PISA beynəlxalq qiymətləndirmə çərçivəsində müəyyənləşdirilmiş (məsələn, bacarıqlarla əlaqəli funksional savadlılığı qiymətləndirən) qapalı və açıq suallardan ibarət kontekstual tapşırıqlarla məşğul olmaq məsələləri daxildir.

Təlim proqramı iştirakçılarda funksional savadı tədrisə inteqrasiya edə bilmək, funksional savadın qiymətləndirilməsi üçün tapşırıqlar hazırlaya bilmək keyfiyyətini də formalaşdırır. Bununla yanaşı, funksional savadı qiymətləndirən tapşırıqların həlli yollarını başqalarına izah etmək bacarığı aşılayır.

Beləliklə, seminarda funksional savad anlayışı, onun fərqli xüsusiyyətləri, habelə PISA beynəlxalq qiymətləndirmə tədqiqatının özəlliyi haqqında məlumat verilib.

İştirakçılar kiçik qruplarda praktik işə yönləndirilib ki, bu da digər mütəxəssislərlə təcrübə, görüş və fikir mübadiləsi apararaq bilik və təcrübə əldə edilməsində faydalıdır.

Seminar yüksək səviyyəli testlərdə düşünmə bacarıqlarını qiymətləndirən test elementlərinin inkişafı haqqında daha çox məlumat əldə etmək istəyənlər üçün önəmlidir.

Qeyd edək ki, Niko Diteren iqtisadiyyat, coğrafiya və sosial elmlər sahəsində peşəkar testlərin işlənib hazırlanması işində təcrübəyə malikdir. İctimai elmlər və incəsənət üzrə orta məktəb buraxılış imtahanları şöbəsinin müdiri olub. Testlərin işlənib hazırlanması və predmetlərin yaradılmasına dair bütün məsələlər üzrə müəllim və mütəxəssislərin təcrübəli təlimçisidir. Funksional savadlılığın (riyaziyyat və təbiət elmləri) qiymətləndirilməsi sahəsində ixtisaslaşıb. İqtisadi coğrafiya ixtisası üzrə iqtisadiyyat və coğrafiya magistridir. 2014-cü ildən Avropa Təhsilin Qiymətləndirilməsi Assosiasiyasında (AEA-E) təcrübəçi qismində akkreditə olunub.

“Qiymətləndirmə ədalətlidirmi” mövzusunda ikinci praktik məşğələ Kembric Universitetinin Qiymətləndirmə departamentinin təcrübəsi əsasında təşkil edilib. Praktik məşğələ İsabel Nisbet və Stüart D.Şou tərəfindən təqdim edilib. Seminar Kembric Universitetinin Qiymətləndirmə departamentinin konsepsiyalarını konkret nümunələr və tematik tədqiqatlar əsasında təsvir etmək üçün mütəxəssislərin müxtəlif mənbələrdə, fənlərdə, yurisdiksiyalarda mühüm materiallara əsaslanan ədalətli qiymətləndirmə tədqiqatı nəticələri üzərində cəmlənib. Seminar giriş və qrup diskussiyasına bölünən dörd hissədən ibarət olub. Konseptual girişdən sonra “ədalət”in altı fərqli istifadə variantları təhlil edilib. Şəxsə və ya qrupa ədalət məsələsi qoyulub, habelə ədalətə təhsilin ölçülməsi və qiymətləndirmə prizmasından baxılıb. Eləcə də qiymətləndirmənin ədalətli olması hüquqi, fəlsəfi kontekstdə, sosial islahatlara töhfə kimi nəzərdən keçirilib.

Seminarın strukturu və məzmunu intellektual fənlər və təcrübələrin geniş spektrini əhatə edir. Tələbə, müəllim və qiymətləndirmə mütəxəssisləri ilə bu cür iş aparılması nəticəsində müxtəlif fənləri birləşdirən təhsil mövzularına əhəmiyyətli dərəcədə maraq yaranır ki, bu da sosial ədalət və dövlət siyasəti haqqında daha çox suallar doğurur. Seminar təhsildə ölçmə və qiymətləndirmə sahəsində aspirantlar üçün, qiymətləndirmə agentliklərində təcrübəçi-mütəxəssislər üçün əsas resurs mənbəyidir.

İsabel Nisbet Qlazqo və Oksfordda fəlsəfə sahəsində təhsil alıb, Böyük Britaniyada dövlət idarələrində işləyib. Ombudsmanın müavini kimi tibbi xidmət sahəsində şikayətləri araşdırıb. Sonra Baş Tibbi Şuranın direktoru olub. Diplomsonrası Tibb Təhsili Şurası yaradıb və ona rəhbərlik edib. 2005-ci ildə İxtisaslaşma və Tədris Proqramları İdarəsində tənzimlənmə və standartlar üzrə direktor işləyib, İngiltərədə imtahanlar və ixtisaslaşma üzrə müstəqil tənzimləyizi “Ofqual” şirkətini yaradıb və ona rəhbərlik edib. 2011-2014-cü illərdə Kembric beynəlxalq imtahanlarını Cənub-Şərqi Asiya üzrə Sinqapurda təmsil edib. Hazırda İngiltərə və Uels universitetlərində direktorlar şurasında, Böyük Britaniya hökumətində etik məsələlər, rəqəm və statistika komitələrində fəaliyyət göstərir. Kembric Universitetinin pedaqogika fakültəsində müəllimdir. Kembric Qiymətləndirmə departamentinin keçirdiyi bütün tədbirlərdə, kurslarda iştirak edir.

Stüart D.Şou 2001-ci ildən Kembric Qiymətləndirmə departamentində çalışır. O, ingilis dili ikinci dil olduğu sahə üzrə yazı işlərinin qiymətləndirilməsi, testin işlənib hazırlanması, yenidən baxılması, yeni test ssenarilərinə qiymətləndirmə prosedurunun tətbiqi, imtahanlarla bağlı ən son yeniliklərin paylaşılmasında qabaqcıl təcrübəyə malikdir. Jurnallarda çoxsaylı məqalələri dərc edilib. Avropada Təhsilin Qiymətləndirilməsi Assosiasiyasının və Kral Təhsilin Qiymətləndirilməsi İnstitutunun üzvüdür.

Növbəti – üçüncü praktik məşğələ “İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi” mövzusunda Niderlandın RCEC Mərkəzinin (İmtahan və Sertifikat Tədqiqat Mərkəzi) direktoru Arnold Brauer tərəfindən təqdim edilib. Bu sistem keyfiyyətli imtahan məhsulunun yaradılmasında istifadə olunan standartlar, mövcud imtahan məhsullarının keyfiyyətini yoxlamaq üçün meyarlar haqqında təsəvvür yaradır, keyfiyyətli imtahan məhsullarının seçilməsində, təşkilati və psixometrik aspektlərin qiymətləndirilməni zəruri edir. Seminarda RCEC sistemi, onun meyarları və alt suallar üzrə ətraflı məlumat verilib, sistemin təcrübədə funksiya və metodlarını izah edən misallar gətirilib.

Praktik məşğələdə iştirakçılar RCEC icmal sisteminin müxtəlif aspektləri ilə tanış olublar. Kiçik qruplarda iştirakçılar real imtahan məhsullarında ingilis dilindən test materiallarının keyfiyyətini qiymətləndiriblər. Bu zaman şablon və təlimatlar paylanıb, iki çalışma təqdim olunub. Birinci çalışmada iştirakçıların diqqəti imtahan məhsullarının predmet və təşkilati aspektlərinin keyfiyyətinin nəzərdən köçürülməsinə yönəldilib. İkinci çalışmada imtahan məhsullarının psixrometrik aspektlərinin keyfiyyətinin qiymətləndirilməsi təqdim edilib. Bu seminar keyfiyyətli imtahan məhsullarının yaradılması, nəzərdən keçirilməsi və seçilməsi haqqında daha geniş məlumat əldə etmək istəyənlər üçündür. Ekspertizada iştirak edənlər öz test və imtahanlarını RCEC-in elmi cəhətdən əsaslandırılmış keyfiyyət standartlarına uyğunlaşdırmaq üçün RCEC-in yoxlama sistemindən istifadə edə bilərlər. Bu sistem, həmçinin testlərdən istifadə edən hər kəsə, o cümlədən müəllimlərə, məktəblərə, kommersiya təhsili/ixtisas təkmilləşməsi, imtahan komitələrinə ən yaxşı test və imtahan məhsulu seçməkdə kömək edə bilər.

Arnold Brauer təhsil ölçmələri və psixoloji testləndirmə üzrə ekspertdir. Bundan əlavə, Tvente Universitetində Tədqiqatlar, ölçmələr metodologiyası və məlumatlar təhlili şöbəsinin dəvətli elmi işçisidir. O, STM (istedadların sistemli-yönəlmiş idarəedilməsi) üzrə doktorluq dərəcəsi alıb. Bu metod insan istedadını həm psixoloji, həm də idarəetmə baxımından bizneslə əlaqələndirməyə imkan yaradır.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9:00-da “Fairmont Baku” otelində keçiriləcək. Daha sonra konfrans otelin müxtəlif zallarında bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçirilək.

Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.

Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.

Terefsiz.az