İctimai siyasi fəal Bəxtiyar Hacıyev oğurlanıb. Bu barədə siyasi fəal özü məlumat verib. Məlumatı diqqətinizə çatdırırıq.
“Bu gün piyada ofisə gedərkən yolda dayanmış bir avtomobildə iki nəfərin mənə baxdığını, məni izlədiyini gördüm. Bir az irəlilədikdən sonra mülki geyimdəki bir şəxs mənə tərəf qaçmağa, məni tutmağa başladı, mən təkrar oğurlanmaqdan ehtiyatlanaraq, yaxınlaşan şəxsin kim olmasını bilmədiyim üçün oradan uzaqlaşmağa çalışanda üstümə hücum çəkdi, bir neçə nəfər zorakılıqla məni maşına mindirməyə çalışdılar. Bu müddətdə imkan tapıb, canlı yayım aça bildim ki, ictimaiyyətin xəbəri olsun.
Məni “Banditizm”ə apardılar, maşından düşürəndə başıma və qollarıma vururdular. Orada bir müddət saxladıqdan sonra Baş İdarənin rəisi Əbülfət Rzayevin yanına apardılar.
Ə.Rzayev nazirlə bağlı postları silməyimi tələb etdi, dedi biz güc nazirliyik, sənlə güclə danışırıq, gücümüzü nümayiş etdiririk, bir də belə olsa, səni həbsə göndərəcəm.
Sonra qaldırdılar yuxarı mərtəbəyə, fuad muradovu gətirdilər, o da gəlib mənə dövlətçilik dərsi keçdi, profilaktik söhbət etdi. Mən vəkil tələb etsəm də, təmin etmədilər. Bir müddət sonra ekranını çatlatdıqları telefonumu gətirdilər, V.Eyvazovla bağlı postları silməyi tələb etdilər. Bu arada f.muradovla bağlı postları da sildirdilər. (4 ay əvvəl maskalı şəxslər tərəfindən oğurlananda da f.muradov və Eyvazovla bağlı postları sildirmişdilər). Postları sildirərkən əməliyyatçılardan biri öz saxta facebook profilindən yoxlayırdı, profil fotosunda Əli Kərimlinin fotosunu qoymuşdu (çox güman ki, bu foto ilə cəbhəçilərin etibarını qazanıb, dostluqlarına girib, izləmək üçün).
Sonra yenidən Ə.Rzayevin yanına gətirdilər, o da növbəti dəfə məni hədələdi ki, bir də polis, nazirimiz haqqında xoşagəlməz nə isə yazsan, gücümüzü başqa formada göstərəcəyik. Mən də nə onun, nə də hakimiyyətin əbədi güc sahibi olmayacağını dedim, uzun həyat arzuladım ki, əlində güc olmayanda indi etdiklərinin cavabını görməyə ömrü bəs eləsin.
Daha sonra əməliyyatçılar tranzit nömrəli maşınla məni gətirib ofisimizin qarşısında düşürdülər.”
Bir xəbəri də diqqətinizə çatdıraq ki,Bəxtiyar Hacıyev rəsmi Facebook hesabında Azərbaycan vətəndaşlığından imtina etmək üçün,rəsmi müraciət etdiyini bildirib.