TEREFSİZ.AZ saytı xəbər verir ki, sosial mediada İctimai Televiziyanın aparıcısı Saleh Bağırovun guya Ordumuz haqqında dediyi fikir gündəmə çevrilib. Haqqında danışılan verilişi ” izləməyənlər ” belə, aparıcını tənqid ediblər.
İctimai Televiziya məsələyə aydınlıq gətirib.
Telekanaldan verilən məlumatda göstərilir ki, bu gün “Facebook” sosial şəbəkəsində Saleh Bağırovun “Gəl, qonaq ol” verilişində rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlığa kölgə salan ifadələrdən istifadə etməsi ilə bağlı səhv məlumatlar yayılıb.
“Rəsmi şəkildə bildiririk ki, sözügedən verilişin aparıcısı Saleh Bağırovun fikirləri kontekstdən çıxarılıb və başqa sözlərlə əvəzlənərək təhrif olunub.
Əziz həmvətənlər, bəzi sosial media səhifələrinin, onlayn media qurumlarının daha çox izləyici qazanmaq üçün məşhur şəxslərin ünvanına böhtan xarakterli fikirlər səsləndirməsinin qarşısını almaq öz əlimizdədir. Orijinal kontenti görmədən fərqli interpretasiyada təqdim olunan fikirləri dəstəkləməklə biz kimlərinsə süni populyarlıq qazanmasına səbəb oluruq. İndiki həssas dövrdə daha təmkinli olmaq, sosial mediada daha adekvat davranmaq cəmiyyətimizin xeyrinədir. Sosial media cəmiyyətin güzgüsüdürsə, bu güzgüdə əyri görünməmək hər kəsin özündən asılıdır”, – məlumatda deyilir.