TEREFSİZ.AZ saytı xəbər verir ki, Türkiyə və Rusiya İdlibdə baş verən son hadisədən sonra çox ehtiyatlı davranırlar.
Hər iki dövlət birbaşa toqquşmaları arzu etmir. Halbuki reallıqda rus ilə türk orduları İdlibdə döyüşür. Sadəcə ruslar havadan, türk ordusu isə qurudan vurur.
Bu sözləri hərbi ekspert Azad İsazadə dünyanın gündəminə çevrilən İdlib qarşıdurması haqqında danışarkən deyib.
Hərbi mütəxəssis qeyd edir ki, nə Rusiya, nə də Türkiyə rəsmi olaraq aralarında qarşıdurmanın başladığını boyunlarına almayıb:
“Bu da onların müharibə etmək istəmədiklərindən qaynaqlanır. Ərdoğan Türkiyəsi hələlik birbaşa ruslarla rəsmi döyüşə daxil olmaq istəmir. Hazırda Türkiyədə hava qoruma sistemləri zəifdir. Türklər hava müdafiə sistemlərini əsasən Rusiyadan alınan S-400 komplekslərinin üzərində qurmaq istəyirdilər. İndi isə ABŞ-dan “Patriot” sistemləri əldə etməyə çalışırlar.
Rusiya isə daha pis vəziyyətdədir. Anlayır ki, Türkiyənin arxasında pis-yaxşı NATO dayanır. NATO praktiki olaraq bəyan edib ki, Türkiyəni müdafiə edəcək. Artıq rəsmi London BMT-də məsələni qaldırıb fövqəladə iclas tələb edir, Paris baş verənləri pisləyir, Vaşinqton Rusiyadan əməliyyatları dayandırmasını istəyir. NATO-da ortaya mövqe qoyur. Əlbəttə, bu, Türkiyə üçün dəstəkdir”.
Azad İsazadə qeyd edir ki, Moskvanın hansı mövqedən çıxış etməsindən asılı olmayaraq Türkiyə Prezidenti Ərdoğanın əlində konkret sənəd var:
“Zamanında razılıq əldə edilib ki, İdlibdə heç bir əməliyyat keçirilməyəcək. İndi Türkiyədə məhz bu sənədə istinad edir, Soçi və Astana razılaşmasına. Ruslar deyirlər ki, Suriya ordusunun hücum etməsi qanunidir və burada söhbət terrorçularla savaşdan gedir. Amma orada 3 milyona yaxın mülki insan yaşayır və kritik anda onlar Rusiya deyil, Türkiyə istiqamətində qaçacaq. Diqqət etsəniz görərsiniz ki, ötən gündən başlayaraq Suriya, Əfqanıstan və digər qaçqınlar Yunanıstan sərhədini yarıb keçib. Türkiyə faktiki olaraq Bolqarıstan və Yunanıstan sərhədindən öz sərhədçilərini kənara çəkib. Açıq elan edir ki, qaçqınları saxlamayacaq. Bu da, faktiki Avropaya ciddi siqnaldır. Avropa yeni qaçqın dalğası ilə üzləşə bilər. Üstəlik koronavirusun tüğyan etdiyi bir mərhələdə bunun nə dərəcə ciddi olduğu ortaya çıxır. Bundan çıxış variantı odur ki, Avropa birmənalı Türkiyənin arxasında dayanmalı və Rusiyaya təzyiq göstərərək, Suriyadan Türkiyəyə axını başladığı qaçqınların dayanmasına, öz yurdlarına qayıtmasına və Əsədin İdlib həndəvərindən geri çəkilməsinə nail olmalıdır”.
İstinad: teleqraf.com
Terefsiz.az