İlham Əliyev Avropa İttifaqını tənqid etdi – Türkiyə mətbuatında müzakirəyə çıxarıldı

0
156

Azərbaycan Prezidenti İlham Əliyevin ilin yekunları ilə bağlı yerli telekanallara verdiyi müsahibə Türkiyə mətbuatında da işıqlandırılıb.

Terefsiz.az –ın xəbərinə görə, Prezidentin Avropa İttifaqının rəsmi Ankara ilə bağlı siyasətini tənqid etməsi Türkiyə mətbuatında müzakirə predmetinə çevrilib.

Dövlət başçısı İlham Əliyev müsahibədə deyib ki, Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalasa da, sonrakı addımlar nəticə verməyib.

“Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də, onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir.

2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir.

Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər”, – deyə Prezident əlavə edib.

Türkiyənin “Yeni Şafak” nəşri Prezident İlham Əliyevin Avropa İttifaqının Türkiyə siyasətinin ədalətsiz olması ilə bağlı dediyini başlığa çıxarıb.

“CNN Türk”, “Hurriyet” də eyni məzmunla başlıq verib.

“Haberler.com” isə İlham Əliyevin Türkiyənin müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqına qəbul edilməməsini deməsini sərlövhədə verib.