Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar müvafiq informasiya sistemləri vasitəsi ilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərarın rəsmi qaydada verilmiş hesab olunacağı hallar müəyyənləşib.
Terefsiz xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalar haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunacaq:
– İnzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında SMS məlumat çatdırıldığı vaxtdan;
– İnzibati xəta törətmiş şəxs elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və ya onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetində mobil telefon nömrəsi olmadığı halda).