İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib

0
103

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində ekspert Seyfulla İsgəndərov ifadə verib.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaq zamanı meyitin tibbi ekspertizasında iştirak edən Seyfulla İsgəndərov İlkin Süleymanovun vəkillərinin, həmçinin təqsirləndirilən şəxsin istintaq zamanı qeydə alınan bəzi ekspert rəyləri ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, S.İsgəndərov fevralın 15-də keçirilən məhkəmə prosesində də ifadə verib. Bu gün isə onun ifadəsi başa çatıb. Növbəti məhkəmə prosesində istintaq zamanı meytin tibbi ekspertizasında iştirak edən digər ekspertlərdən biri ifadə verəcək.

Növbəti məhkəmə iclası isə martın 15-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

terefsiz.az