İntihardan imtina edək.

0
356

Son həftələr intiharların sayı artmağa doğru gedir. Fərqli yerlərdə bir-birini tanımayan cinsiyyəti və yaşı fərqli olan insanların intihar etməsi yeni intihar dalğasına başlanğıc ola bilər. Səbəbsiz intiharlar olmur, intihar edən şəxs əksərən intihara sürükləndirilir. Bəs, bu səfər ki intiharlara səbəb nə ola bilər?

Bir fərd intihar etməmişdən müəyyən bir intihar yolu keçir. İntihar – asanlıqla alına biləcək bəsit qərarlardan deyil. İntihara meyilli şəxslərin davranışı və həyat tərzində əvvəldən müəyyən  fərqlər olur. Çünki intihar edən şəxs əksərən onu bu intihardan qurtaracaq şəxs axtarır. Bu səbəbdən də intihar edən şəxslərlə imkan düşən kimi intihardan danışdırmaq üçün söhbətlər aparılır. Əlbəttə ki bu söhbətlər heç də həmişə müsbət nəticəsini göstərmir. İntihara cəhd çox zaman başqalarının diqqətini öz üzərinə çəkmək üçün həyata keçirilir. Diqqətsizlik sindromu adlanan qayğısızlıq, diqqətsizlik, sevgisizlik görən şəxs intihara cəhd edərək, bu yolla başqalarında qısa, ya uzun zaman diqqət, sevgi və qayğı görəcəyinə ümid edir. Hər kəs özündə başqası ilə problemlərini bölüşəcək, işində professional olan şəxslərə müraciət edəcək qədər cəsarət tapmır. Cəmiyyət tərəfindən əzildilən, alçaldılan şəxsdən başqasından yardım istəyəcəyini gözləmək mənasızdır. Amma intihara səbəb təkcə başqaları tərəfindən təzyiq, işgəncə olmur. Nəzərə alsaq ki inkişaf etmiş Avropa ölkələrində də çox sayda intihar baş verir, intihara səbəb mütləq ki pis həyat şərtləri, işsizlik olmur.

Bizim cəmiyyətdəki hadisələrin isə çox əfsuslar ki səbəbi heç də həmişə məlum olmur. Bir ilə yaxın karantində olan insanların psixi durumlarının normal olmaması uzun zaman qabalı məkanlarda qalması, ünsiyyətlərinin əksərən virtual olaraq aparılması real ünsiyyəti əvəz edə bilməz. İnsanlar ünsiyyət ehtiyaclarını ödəyə bilmir, açıq havada gəzmək, karantindən öncəki həyatlarına qayıda bilməmək depresiyyaya və uzun zaman sürən stressə yol açır. Bunlar azmış kimi sərt karantində tədbiq edilən qaydalara görə çox yerlərin bağlı olması və işlərinin onlayn üzərində keçirilməsi mümkünsüz olan şəxslərin işsiz qalması da buna səbəbdir. Özünü və ailəsini dolandıra bilməyən və artıq aclıqla üz-üzə qalan şəxsin intihar etməsindən başqa yolu qalmır. Bəli, başqa yolu məhz o an onun üçün qalmır. Çünki üzərinə yığdığı kreditlər və borclardan qurtulmaq istəyi rahat buraxmır. Yaxud ailəsi tərəfindən təzyiqlərlə qarşılaşan, cəmiyyətin stereotiplərindən əziyyət görən insanlar üçün də intihar o an üçün alınmış ən doğru qərar olur. Ailə üzvləri və ya sevgilisi tərəfindən tərk edilmiş, işindən məhrum olmuş, böyük uğursuzluqlarla qarşılaşan şəxsin psixikası sarsıntı keçirir. Psixika qeyri-stabil olan dövrdə dərin depressiyaya düşmə, tez-tez dəyişən emosional hal intihara meylə səbəb ola bilir. Lakin bir şeyi də demək lazımdır ki, intihardan qurtulan çox insan intihara cəhd etdiyinə görə peşmanlıq yaşayır və az hallarda növbəti dəfə cəhd göstərir. Emosional vəziyyətə qapılıb, çıxış yolunu ancaq intihar olduğunu düşünən fərd cəhdindən öncə cəmiyyətə və ətrafdakılara “siqnallar” yollayır. Bayaq dediyim kimi yardım siqnalları onu bu yoldan xilas edəcəyinə ümid etməsindən yaranır. Bu siqnallar vaxtında doğru dəyərləndirildikdə şəxsi intihardan qurtarmaq və onu normal həyatına qaytarmaq üçün sözün həqiqi mənasında kömək ola bilər.

Əgər sizin də ətrafınızda bu cür siqnallar göndərən şəxslər varsa, onlara imkan daxilində yardım edin. Çünki o an bəlkə də sizi dinləməyəcək və siz çarəsiz olduğunuzu düşünə bilərsiz. Amma ən azından siz ona mənəvi yardım edə biləcəksiz ki bu da müəyyən zamandan sonra təsirini göstərə bilər.

Bəlkə də siz, özünüz intihar etməyi düşünürsüz və bu cür siqnallar yollayan şəxs məhz sizsiz. O zaman bir şeyi dəqiq bilin ki intihar peşmanlıq gətirir. Bəli, o an üçün sizə elə gəlir ki ən doğru qərar intihardır. Amma yanılırsız. Ətrafınızda sizə yardım edə biləcək çox sayda insan var. Mütləq ki hissləriniz və fikirlərinizlə güvəndiyiniz insanlarla bölüşün. Bəli, ola bilər ki onlar sizə o an istədiyiniz yardımı edə bilməsin. Amma ən azından dəstəyi sizi ayaqda saxlamağa yardım edəcək. İntihardan imtina edək.

Müəllif: Xanım Əliyeva