Ev DÜNYA İrəvanda mitinq: Polisə qarşı hücum cəhdi olub ( Ətraflı məlumat üçün linkə...

İrəvanda mitinq: Polisə qarşı hücum cəhdi olub ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
203

TEREFSİZ.AZ saytı BBC Azərbaycan-a istinadən xəbər verir ki,  Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalif qüvvələrin etiraz aksiyası davam edir.

 

Çərşənbə günü parlament binasına doğru yürüş edən etirazçılarla polis arasında qarşıdurma olub.

Yerevan müxbirimiz xəbər verir ki, polisə qarşı hücum cəhdi olub. Bəzi etirazçılar hücum edənləri saxlamağa çalışıb, toqquşma davam etməyib.

Etirazçılar Baş nazir Paşinyanın binadan artıq çıxdığını deyib və yürüşü davam etdirmək üçün polisi yoldan çəkilməyə çağırıblar.

Bir qrup etirazçı asfaltın üstünə oturub.

Təxminən 20-30 dəqiqədən sonra polis yoldan çəkilməyə başlayıb.

Parlament iclası isə sonadək davam etməyib.

Qabaqcadan sual vermək üçün siyahıya alınmış millət vəkilləri (hamısı iqtidar Vətəndaş Müqaviləsi fraksiyasından) sual verməkdən imtina ediblər.

Parlamentin sədri iclasın bitdiyini elan edib.

İzdiham parlamentə yürüş edir

Ermənistan parlamentində müxalif fraksiya nümayəndələri iclas zalını tərk ediblər.

Hakim fraksiya üzvləri onları əl çalmaqla yola salıblar.

Müxalifət fraksiyasını Baş nazir Nikol Paşinyanın müxalifətçilərin suallarına verdiyi cavablar razı salmayıb.

Aprelin 12-dən parlament iclaslarını boykot edən Hayastan və Pativ Unem (Təzim Edirəm) hər iki müxalif parlament fraksiyalarnın əksər üzvləri bugünkü “sual-cavab saatında” iştirak edirdi.

Daşnaksutyun Partiya nümayəndəsi, Hayastan fraksiyasının üzvü Armen Rustamyan Baş nazir Paşinyanın seçkilər zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, Qarabağ müharibəsində məğlubiyyətə, Dağlıq Qarabağın Azərbaycana təhvil vermək palanlarına görə onun istefası tələbi haqqında bəyanat səsləndirib.

Bu arada isə müxalifətin parlament binasına doğru yürüşü davam edir.

Yürüş iştirakçıları “Nikol, get”, “Nikolsuz Ermənistan” səsləyərək Parlament binasına yaxınlaşırlar.

Yerevan aksiya

ŞƏKLİN MƏNBƏYİ,AFP/GETTY IMAGES

Parlamentə doğru yürüş başlayıb

Yerevanın mərkəzində müxalifətin mitinqində izdiham parlament binası istiqamətində yürüşə başlayıb.

İzdihamı parlament binasına yürüş etməyə mitinqdəki çıxışı zamanı müxalif vitse-spiker İşxan Sağatelyan çağırıb.

O həmçinin xəbərdarlıq edib ki, iştirakçılar təxribata varmasınlar, polislə toqquşmadan çəkinsinlər.

Bir neçə istiqamətdə “Paşinyansız Ermıənistan”, “Türksüz Ermənistan” (türk Paşinyana və onun tərəfdarlarına deyirlər) çağırışları ilə yürüşlər keçir.

Ermənistanda bu gün hökumət üzvlərinin Baş nazir başda olmaqla Milli Məclis üzvləri ilə növbəti görüş günüdür.

Müxalifət parlament binasını əhatə alıb hökumət üzvlərinin yolunu kəsməyə hazırlaşır.

Bu arada MTX bəyan edib ki, “etibarlı mənbələrdən alınan məlumatlara” istinadən, Milli Məclisin sessiyası zamanı “etiraz iştirakçılarını parlament binasını ələ keçirib müəyyən təxribat hərəkətlərinə təhrik etmək planlaşdırılır.” MTX aksiya təşkilatçıları və iştirakçılarını təxribat hərəkətlərindən çəkinməyə çağırır. Əks təqdirdə “baş verən hadisələrə görə təşkilatçıların tam məsuliyyət” daşıyacaqlarını bildirir.

Nümayişlər bölgələrə yayılır

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalif qüvvələrin etiraz aksiyası davam edir. Yerevanın müxtəlif küçələrində onlarla insanın iştirakı ilə yürüşlər keçirilir.

Etirazçılar paytaxt Yerevanda və ölkənin digər bölgələrində itaətsizlik aksiyaları keçirir, yolları bağlayıb nəqliyyat hərəkətini iflic edirlər. Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır.

Bazar ertəsi 250-yə yaxın etirazçı saxlanılıb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəza tədbiri tətbiq edilib.

Son məlumata görə, bugünkü aksiya zamanı günün birinci yarısında 117 nəfər saxlanılıb.

Hayastan və Pativ Unem (Təzim Edirəm) müxalif parlament fraksiyaları bu gün başlanan Milli Məclisin plenar sessiyasında iştirak etmir.

Ermenistan etirazlar Nikol Paşinyan

Nə baş verib?

Ermənistan paytaxtı Yerevanın mərkəzində on dörd küçə vətəndaşlar tərəfindən bağlanıb, Ermənistan mediası parlamentin vitse-spikeri İşxan Saqatelyana istinadən yazır.

Bir çox digər vətəndaşlarla birlikdə ötən gecə Fransa meydanında gecələyən Saqatelyanın həmvətənlərini “dinc itaətsizlik aksiyasına qoşulmağa və küçələri bağlamağa” çağırdığı bildirilir.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ İkinci Qarabağ Müharibəsi Savaş Ermənistanda etirazlar Nikol Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,ARMENIA TODAY

Şəklin alt yazısı,Yerevanda etirazçılar bəzi küçələri bağlayıblar.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ İkinci Qarabağ Müharibəsi Savaş Ermənistanda etirazlar

ŞƏKLİN MƏNBƏYİ,YEREVAN.TODAY

Ermənistanda mayın 1-də müxalifət qüvvələri dörd şəhərdən paytaxt Yerevana doğru yürüşə başlayıb. Müxalifət qüvvələrinin aksiyasından əvvəl ötən gün Ermənistan hökuməti ölkədə “kütləvi iğtişaşlar təhlükəsi” ilə bağlı xəbərdarlıq edib, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bəyanat yaymışdı.

Müxalifət onun başçılıq etdiyi hökuməti Dağlıq Qarabağ məsələsində “yolverilməz güzəştlərə getməkdə” ittiham edir, onun “fərsiz siyasəti” sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini iddia edirlər.

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

Bundan sonra ölkə parlamentində çıxış edən Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onların “Dağlıq Qarabağın statusu” ilə bağlı tələbin həddini “aşağı salmağını” istəyib.

Onun bu çıxışından sonra ölkənin bəzi müxalif qüvvələri “oturaq aksiyaya” çağırıblar.

Müxalifət mövcud iqtidarın “erməni xalqının təhlükəsizliyini təmin etməyə, ölkənin suverenliyini müdafiə etməyə” qadir olmadığını bildirir.

Etiraz iştirakçıları Yerevanın müxtəlif yerlərində itaətsizlik hərəkətlərinə başlayıblar. “Paşinyan – satqın”, “Paşinyan – Azərbaycan və Türkiyə maraqlarına xidmət edir”, “Ayağa qalx, Ermənistan”, “Ayağa qalx, Artsax”, “Nikol-türk” çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatın hərəkətini iflic edir.

Yerevan aksiya

ŞƏKLİN MƏNBƏYİ,H2.AM

Polis etirazçıları sıxışdırıb çıxarır, nəqliyyat hərəkətini bərpa edir, daha fəal müqavimət göstərənləri saxlayıb polis şöbələrinə aparırlar. Dünən polis və müxalif mənbələrdən yayılan məlumata görə, 10 nəfər saxlanıb, onlardan ikisinə xuliqanlıq ittihamı ilə inzibati iş açılıb. Saxlananlar 3-4 saatdan sonra buraxılırlar.

Bazar ertəsi polis daha sərt hərəkət edir, itaətsiz aksiya iştirakçılarının küçə bağlamaq cəhdlərinin qarşısı dərhal alınır, fəallar saxlanılıb polis şöbələrinə aparılır.

Səhər başlanan aksiyalarından birində də “Kamk” (İradə) və “Azadlıq hərəkatı” təşəbbüslərinin 11 üzvü polis tərəfindən saxlanılıb.

Yerevan aksiya

ŞƏKLİN MƏNBƏYİ,TV.AM

Hökumət binasını “dezinfeksiya etmək” cəhdi

Onlar tibb işçisi xələti geyinib və əleyhqaz taxıb dezinfeksiya vasitələri ilə Baş nazir Paşinyanın kabineti yerləşən Hökumət binasını “dezinfeksiya etməyə” gediblər.

“Biz ölkəni çirkdən və pozğunluqdan təmizləmək, Hökumət binasını dezinfeksiya etmək və xəstəmizi özünə layiq yerinə qaytarmağa çalışırıq”, – aksiya fəallarından Vahaqn Çaxalyan jurnalistlərə deyib.

Polis onları binaya yaxınlaşmağa qoymayıb. Vahaqn Çaxalyan və bir neçə başqa aksiya iştirakçısı saxlanılıb.

Bölgələrlərdən paytaxta piyada yürüş

Mayın 1-də paytaxt Yerevanda planlaşdırılan müxalifətin “ümumxalq” mitinqinə qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində piyada yürüş başlanıb.

Aprelin 26-da etiraz aksiyalarına 2020-ci il 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri, həyat yoldaşları və yaxın qohumları da qatılıb.

Onlar Yerevanın mərkəzində toplaşıb və müharibədə həlak olan övladlarının şəkilləri ilə Ermənistanın Baş Prokurorluğu binasına yollanıblar.

Valideynlər Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün “kifayət qədər material toplayıb” prokurorluğa təqdim etdiklərini bildirirlər.

Baş prokuror Artur Davtyan həlak olan hərbçilərin qohumları ilə görüşüb və onların 10 nəfərədək nümayəndəsi ilə məsələni daxildə müzakirə etməyə dəvət edib. Etirazçılar dəvəti qəbul etməyib.

Valideynlərin ittihamı Nikol Paşinyanın ötən həftə Ermənistan parlamentində çıxışı zamanı 44 günlük müharibənin başlanmasında “günahının boynuna alması”na əsaslanır. Onlar hesab edirlər ki, Paşinyan faktiki olaraq, minlərlə insanın müharibə nəticəsində həlak olmasında günahını etiraf edib və onun bəyanatı “cinayət törətmək haqqında məlumat” kimi nəzərə alınmalıdır.

Valideynlərin ittihamı Paşinyanın parlament tribunasından səsləndirdiyi bu sözlərinə əsaslanır: “Məndən soruşurlar: biz müharibəyə yol verməyə bilərdikmi? Bəli, bilərdik, lakin nəticədə vəziyyət eyni olardı, ancaq qurbanlar olmazdı”.

İqtidar partiyasından olan bəzi millət vəkilləri hesab edirlər ki, müxalifət öz hərəkətləri ilə “müharibəyə təhrik edir”.

Terefsiz.az