İranda şallaq cəzası: Əvvəl suya salıb…

0
79

İranda həbsdən və cərimədən başqa, digər cəza növü şallaqlamadır. 1979-cu ildə qalib gələn İslam İnqilabından sonra şallaqlama cəzası qanuniləşib.

Terefsiz.az Yenisabah.az-a istinadla xəbər verir ki, cinayətkarlar üçün cismani cəza kimi qamçılama (şallaqlama) cəzasının tətbiqi qədim tarixə malikdir. Hətta XIV əsrin əvvəllərində belə Fransa və Belçika kimi ölkələrdə bu cəza növü qüvvədə olub.

İrana gəlincə, bu cəza növü İslam Respublikası qurulduqdan sonra daha geniş tətbiq edilməyə başlayıb.

Şallaq cəzası necə həyata keçirilir?

Uzunluğu təqribən 1 metr və diametri təxminən 1,5 santimetr olan qamçı ilə. Məhkumun qamçının qadağan olunmuş nöqtələrə dəyməsinə səbəb ola biləcək əlavə hərəkətlərinin qarşısını almaq üçün hökmün icrası yerində onun əl-ayağı dirəyə bağlanır. Haram nöqtələr məhkumun başı, üzü və övrət yeridir.

Qadın məhbusun qamçılanması zamanı o, oturan halda və cəzasının icrası zamanı bədəni paltarla örtülü olmalıdır.

Kişilər üçün, əksinə, cəzanın icrası ayaq üstə aparılır, mümkün qədər məhkumun əl-ayaqları dirəyə bağlanır.

Şallaq əvvəlcə suya salınır, sonra zərbələr endirilir. Adətən, zərbə o qədər güclü olur ki, təqsirkar bir neçə şallaq zərbəsindən sonra huşunu itirir.

Bayılarkən qamçılamaq qadağandır. Qamçılama cəzasının icrasından əvvəl və ya icra zamanı anestezik, psixotrop maddələr və ağrı hissini aradan qaldıran hər hansı bir şeydən istifadə etmək qanunsuzdur.

Məhkum qamçılamanın icrası zamanı huşunu itirirsə, cəzanın icrası dayandırılır və o tam özünə gələnə qədər hökmün icrası ləngidilir.

İran Cinayət-Prosessual Qanununun 501-ci maddəsində müəyyən edilib ki, qamçılama (şallaqlama) cəzasının icrası aşağıdakı hallarda hakimin qərarı ilə təxirə salınır:

– qadının hamiləlik dövrü

– hamiləlik 6 ayı ötübsə

– uşağın 2 yaşına çatana qədər ana südü ilə qidalanma müddəti nəzərə alınmaqla

– heyz və ya istihazə zamanı.

Şərtlərə görə, şallaq cəzası qapalı yerdə aparılırsa, havanın temperaturu orta səviyyədə olmalıdır. Əgər cəza açıq məkanda icra edilərsə, temperatur çox soyuq və ya çox isti olması nəzərə alınır.

Qamçılamanın icrası şiddət, zəiflik və zərbə baxımından müxtəlif formalardadır,  zina, şərab içmə və s. görə zərbə qat-qat şiddətlidir.

Şallaq zərbələrinin sayı müxtəlif ola bilər. Məsələn, zinaya görə 100 şallaq, ədəbsizliyə görə 25 şallaq, spirtli içki qəbuluna görə 70 şallaq, spirtli içkilərin saxlanılmasına görə 80 şallaq.

Rafi MÜSLÜMOV