İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.
“Terefsiz.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.
Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.
Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.
Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.