İsrail Dövlətinin Prezidenti İsaak Hersoq sabahkı görüşdə ABŞ rəsmilərinə İran istehsallı pilotsuz uçuş aparatlarının Ukraynadakı müharibədə istifadə edildiyinə dair sübutlar təqdim edəcək.
“Terefsiz.az” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, son bir neçə həftə ərzində İran istehsallı pilotsuz uçuş aparatları Ukraynada mülki şəxslərə qarşı istifadə edilib. Vizual analiz nəticəsində İsrail təhlükəsizlik qüvvələri pilotsuz uçuş aparatlarının fraqmentlərinin İranda hazırlanmışlarla eyni olduğunu müəyyən ediblər. Hersoq Vaşinqtona iki günlük səfəri zamanı sübutların fotolarını ABŞ rəsmilərinə təqdim edəcək.
“Təqdim ediləcək şəkillərdə 2021-ci ilin dekabrında keçirilən təlim zamanı İranın “Şahed-136” pilotsuz uçuş aparatlarının buraxılışı göstəriləcək. Digər görüntülərdə eyni dronun Ukraynada qəzaya uğradığı təqdim ediləcək. Fotoşəkillər göstərir ki, Ukraynadakı dronların strukturu, ölçüsü və nömrələnməsi də daxil olmaqla bir çox ortaq cəhətləri var”, – məlumatda vurğulanıb.
“İran bir daha sübut edir ki, ona etibar etmək olmaz və qətlin, əzabın, nifrətin olduğu hər bölgədə İran var. İran silahları qlobal sabitliyin pozulmasında mərkəzi rol oynayır və beynəlxalq ictimaiyyət bundan indi və gələcəkdə dərs almalıdır”,- deyə, İsrail Dövlətinin Prezidentinin bəyanatında deyilir.