İyrənc zibillər yeni məhsul kimi evimizə necə qayıdır? – Çirkli şəhərin təmiz üzündən REPORTAJ/FOTO

0
926

Həyatınızda bir dəfə də olsun düşünmüsünüzmü ki, hər gün mətbəxinizdə xüsusi ləzzətlə yediyiniz məhsulların qalıqları, bir vaxt sevərək aldığınız, istifadə etdiyiniz əşyalar evinizdən çıxdıqdan sonra başına nə gəlir? Onların zibil qutusuna atılmasından sonrakı “həyatında” nə baş verir?

Terefsiz.az bu sualların izinə düşərək doğma paytaxtımızın təmizlik qayğısına qalan “Təmiz Şəhər” ASC-ə yollandı. Çünki Bakı şəhərindən toplanılan məişət tullantılarının böyük bir qismi məhz buraya gətirilir. Başqa sözlə, Bakıdan toplanılan məişət tullantıları paytaxtın mərkəzindən bir neçə kilometr aralıda, Balaxanı qəsəbəsində, keçmiş “Balaxanı zibilliyi” adlanan yerdə “ikinci həyatını” yaşayır.

İlk olaraq qeyd edək ki, səfərimizin bələdçisi “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elmar Məlikovdur.

Bələdçimizin verdiyi məlumata görə, “Təmiz Şəhər” ASC “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Prezident İlham Əliyevin sərəncamına əsasən təsis edilib. Şəhər 12 mart 2009-cu il tarixində qeydiyyata alınaraq tam fəaliyyətə başlayıb. “Təmiz Şəhər”də bir neçə zavod fəaliyyət göstərir.

İlk dayanacağımız tam avtomatlaşdırılmış “Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu”dur.

İçəri daxil olduqda insana ilk təsir edən, hətta təzyiqi altına salan tullantıların qoxusudur. Zavodda gigiyenik qaydalara tam riayət olunsa da, bir neçə gün yığılıb qalmış zibillər, onlardan axan maye istər-istəməz ətrafa xoşagəlməz qoxu yayır. Burada təkrar emala yaramayan məişət tullantıları bunkerə toplanır, suyu süzüldükdən sonra illik dövriyyə həcmi 250 000 ton olan sobalarda, 850 dərəcədə yandırılır. Zavodda iki belə soba fəaliyyət göstərir. Zavodun illik emal gücü 500 000 tondur. Lakin Elmar bəyin bildirdiyinə görə, zavod bu rəqəmdən aşağı ölçüdə tullantı qəbul edir.

Zavodun Utilizasiya Şöbəsinin müdir müavini Arif Kərimovun verdiyi məlumata görə, iş prosesi heç bir özəl gün, matəm, bayram qeyd edilmədən, hər gün 24 saat davam edir:

“Zavodda 8 saatlıq iş rejimi var və 3 növbə dəyişir. Burada tullantıların suyunun süzülməsini gözləməyə məcburuq. Çünki Bakı şəhərində zibil qablarının ağzı açıq şəkildədir. Azca yağış, qar olan kimi zibillər yaş olur və yanmır”.

Daha sonra “Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu”na baş çəkirik.

Burada təkrar emala yararlı məhsulların çeşidlənməsi prosesi gedir. Tullantılar əvvəlcə xüsusi barabana daxil edilərək qurudulur, daha sonra çeşidlənməyə buraxılır. Barabanın daxilində xüsusi maqnit separatoru var ki, bu da tullantı kütləsinin içində olan metalları bir araya toplayır. Dəmirlərin içindən çıxan qiymətli pullar xeyriyyə aksiyalarına sərf edilir.

Çeşidlənmə bölməsində 50-dən çox işçi fəaliyyət göstərir. Bələdçimiz zavod haqqında ümumi məlumat verir:

“Bu zavod yarım-avtomatikləşdirilmiş şəkildə işləyir. Əslində tam avtomatikləşdirilə bilərdi. Lakin “Balaxanı zibilliyi”nin ləğv edilib, yerinə zavod tikilməsindən sonra oradakı Balaxanı sakinlərinin işsiz qalmaması üçün çeşidlənməni yarım-avtomatik etdik”.

İçəridən ilk zavodda olduğu kimi kəskin tullantı qoxusu gəlir. Burada işləyən orta yaşlı qadınları, gənc oğlanları gördükdə fotoqrafla bir-birimizə baxıb beynimizdəki sualları oxuyuruq: bu insanlar belə kəskin qoxuya necə tab gətirir? 8 saat tullantı ilə əlləşmək insana nə hiss etdirir? Onlar tez-tez xəstələnirmi?

Suallarımızı çeşidlənmənin müxtəlif kisələrinə atıb yolumuza davam edirik. Çeşidlənmədən çıxan tullantılar pet qablar, karton, dəmir, şüşə və s. materiallara ayrılmaqla, təkrar emal üçün kub şəklində preslənir.

Daha sonra təkrar emal zavodlarına göndərilir. Elmar bəy bu məqamda illərdir yanlış bildiyimiz bir əfsanənin sirrini açır:

“Şəhərdə hər gün dəfələrlə belə bir mənzərə ilə qarşılaşırsınız: İnsanlar zibil qutularını eşələyərək sadəcə plastik şüşələri yığırlar. Onlar haqqında dolaşan əfsanə isə belədir: bu plastik şüşələr zavodlara təhvil verilir, zavod onları necə lazımdırsa, yuyur, qurudur, yenidən içini qazlı içkilərlə doldurur və satışa buraxır. Bu bir uydurmadır, insanların yaydığı əfsanədir. Əslində texniki baxımdan bu, mümkün deyil. Təkrar emal edilən məhsul da o dəqiqə seçilir.

Plastik qablar “Azekol” zavodunda çeşidlənir, yuyulur, doğranır və xammal şəklində xarici ölkələrə göndərilir. Həmin xammaldan isə dünyanın ən yaxşı klublarının şərəfini qoruyan ən yaxşı futbolçuların bahalı formaları hazırlanır. Çünki belə xammaldan hazırlanan məhsul tərləyən zaman insanın əyninə yapışmır və rahat olur”.

Qazlı içki şüşəsi bərabərdir bahalı futbolçu formasına – Heç ağlınıza gələrdi?

 

Zavodların yanında 120 hektarlıq “Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu” mövcuddur.

Elmar bəy poliqonun fəaliyyəti haqqında maraqlı məlumatları bizimlə bölüşür:

“Burada təkrar istifadəyə yararsız tullantılar 8 membran qatlı hücrələrdə (xüsusi hazırlanmış çökəkliklərdə) yığılır. Bu hücrələr yüksək səviyyədə izolyasiya olunub və burada yığılan tullantı torpaqla təmasda olmur. Tullantıların çürüntü suları toplanaraq xüsusi filtrlər vasitəsilə texniki suya çevrilir, həmin su ilə poliqonun ərazisində əkilmiş 11 000-dən artıq ağacın suvarılmasında istifadə olunur. Çürümə zamanı əmələ gələn bioqaz (metan) isə borular vasitəsilə xüsusi generatorlara ötürülür, orada emal olunaraq elektrik enerjisinə çevrilir. Həmin enerji poliqonun daxili ehtiyaclarına sərf edilir”.

Elmar bəy qeyd etdi ki, poliqonun 20 il ömrü var. Poliqon fəaliyyətini dayandırdıqdan sonra üzərində park salınacaq. Dediyinə görə, bu işin xaricdə çox sayda nümunəsi var.

Səfərimizi “Balaxanı Sənaye Parkı”nda davam etdiririk.

Burada bir neçə təkrar emal zavodu fəaliyyət göstərir ki, bunlardan biri də “Azekol”dur.

Zavodun direktoru Ruslan Ağayevin verdiyi məlumata görə, müəssisə 2010-cu ildən fəaliyyət göstərir:

“Balaxanı Sənaye Parkı”nın açılışından sonra fəaliyyətimizə burada davam etdik. Yəni, 2017-ci ildən buradayıq. Əvvəllər daha kiçik formada – emalatxana kimi fəaliyyət göstərirdik. Ancaq artıq zavod kimi fəaliyyət göstəririk. İllik istehsal həcmimiz 1500 tondur. Hazırda burada pet məhsullarının (Polyethylene Terephthalate) təkrar emalı prosesi gedir. Bu proses mexaniki və kimyəvi olmaqla, iki yerə ayrılır. Zavodumuz isə bir istiqamətdə – mexaniki prosesdə emal edir”.

“Təxminən, 25-ə yaxın əməkdaşımız var. Onlardan 10-u qadındır. Onlar da çeşidləmədə işləyirlər. Çünki zavodumuzda iki cür istehsal gedir: yaşıl və şəffaf-mavi petlər. İstehsal həcminin 85%-ni şəffaf-mavi petlər təşkil edir”.

“İlin bir ayında isə yaşıl petin istehsalı gedir. Emal olunan bütün məhsullar Belarus və Rusiyaya ixrac olunur. Aylıq öhdəliyimiz Rusiyaya 100 ton, Belarusa isə 20-40 tondur”.

“Azekol”la yanaşı, digər bir təkrar emal müəssisəsi isə “Sürtgü yağlarının təkrar emalı” zavodudur.

Burada maşın mühərriki yağlarının təkrar istehsalı prosesi gedir. Digər bir təkrar emal müəssisəsində isə məişətdə istifadə etdiyimiz təmizlik vasitələrinin qablarından kauçuk yeşiklər hazırlanır.

Yeşiklərin aparatda xüsusi forma alması cəmi bir neçə saniyə ərzində baş verir. Məhsulların hazırlanmasına nəzarət edən türkiyəli mütəxəssis xammalı qoxlamağımı tövsiyə etdi.

Ovcuma almağa çəkindim. Nə də olsa, tullantı məhsullarından hazırlanıb deyə. Ancaq qoxladıqdan sonra yuyucu vasitələrin xoş ətri zavodda qoxu yaddaşımıza qəddarcasına hopmuş bütün xoşagəlməz qoxuları silib apardı…

Və biz reportaj üçün lazım olan bütün məlumatları toplayaraq buradan ayrıldıq: təmizlənmiş paytaxtımıza geri qayıtdıq. Yolumuz çox da uzun olmadığı üçün çox şeylər düşünməyə vaxtımız olmadı. Ağlımda sadəcə bir düşüncə təəssüratlarımın zibil yeşiyi qədər dolub-daşan künclərini caynaqları ilə eşələyirdi: hərdən təmizlənmək üçün əllərimizi çirkaba bulaşdırmalıyıq. Bəlkə 8 saat, bəlkə 3 növbə.

Ancaq, hər halda, ümid var…

İstinad: Publika.az

Terefsiz.az