Jeff Bezos, Ay üçün olan Blue Moon adlı kosmik aparatın prototipini təqdim edib

0
270

Terefsiz.az saytı xəbər verir ki, Amazon şirkətinin təsisçisi Jeff Bezos özünün Blue Origin adlı aerokosmik şirkəti tərəfindən hazırlanmış və Ay səthinə eniş üçün nəzərdə tutulmuş kosmik aparatın maketini təqdim edib.

Şirkət tərəfindən hazırlanmış bu kosmik aparat Blue Moon adlanır. Bu barədə Bloomberg və CNBC saytlarına istinadən Vc.ru saytı xəbər verib.

“Aya qayıtmağın vaxtı gəlib çatıb. Lakin bu dəfə orda qalmaq üçün qayıtmaq lazımdır” – deyə Jeff Bezos, Blue Moon kosmik aparatının təqdimatı zamanı bildirib.

Bununla yanaşı o qeyd edib ki, Aydakı qravitasiya gücü Yer kürəsindəkindən daha zəifdir. Buna görə də Ay səthindən olacaq uçuşlar daha az enerji sərf edəcəklər. Yanacaq qismində Blue Moon kosmik aparatı maye hidrogendən istifadə edəcək. Beləliklə həmin kosmik aparatı Ay səthində olan buzlaqlardakı su vasitəsilə yanacaqla təmin etmək mümkün olacaq. Bezos-un sözlərinə əsasən Blue Moon Aya 3.6 ton ağırlığında faydalı yük daşımağa və Ay səthindən orbitə süni peykləri buraxmağa qadirdir.

 

Bununla yanaşı Bezos eniş modulu üçün nəzərdə tutulmuş BE-7 adlı yeni mühərrik modelini də təqdim edib. Həmin mühərrikin testləri bu ilin yay fəslində reallaşdırılacaq. Şirkət Blue Moon kosmik aparatı üzərində 3 il ərzində çalışıb. Növbəti mərhələdə şirkət sözügedən kosmik aparatın Ayın səthinə eniş üçün nəzərdə tutulmuş versiyasını hazırlamalıdır. Bezos ümid edir ki, bu cür missiyalar artıq 2024-cü ildə mümkün olacaq. Blue Moon-un ilk uçuş tarixi barəsində Bezos heç bir məlumat verməyib.

Təqdimat zamanı o daha çox orbital stansiyalarda insan koloniyalarının yaradılmasından danışıb. Ay səthinə eniş planı haqqında Blue Origin şirkəti ilk dəfə 2017-ci ildə xəbər vermişdi. Bezos hər il Blue Origin şirkətinə 1 milyard dollar investisiya yatırır.

Blue Origin şirkətinin digər layihələri sırasında New Glenn adlı raketin və kosmosa turistik uçuşlar üçün nəzərdə tutulmuş New Shepard adlı kosmik gəminin yaradılması var. Şirkət ilk kosmik turistləri 2020-ci ildə kosmosa göndərməyi planlaşdırır.

Terefsiz.az