Jurnalist vəsiqəsi ilə dələduzluq edən dörd nəfər saxlanılıb – VİDEO

0
212

Qazaxda özlərini jurnalist kimi təqdim edən dörd nəfər bir qrup rayon sakininə qarşı dələduzluq edib.

Terefsiz.az xəbər verir ki, onlar “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəkləri ilə bağlı vəd edərək həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıblar.

Qazax Rayon Polis İdarəsinin əməkdaşları daxil olan şikayət əsasında dələduzluq etməkdə şübhəli bilinən dörd nəfəri saxlayıb.

Araşdırmalar zamanı onların Sabirabad rayon sakinləri – 27 yaşlı Pərviz Fərəcov və 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətov olduqları aşkarlanıb.

Lakin jurnal rəhbərliyinin bir müddət əvvəl həmin dörd nəfərin fəaliyyətinə xitam verdiyi məlum olub.

Buna baxmayaraq, onlar özlərini “Ziyalılar” beynəlxalq ictimai-siyasi qəzetinin təmsilçiləri kimi təqdim edərək öz əməllərini davam etdiriblər.

Dəstəyə rəhbərlik edən Kənan Hümbətov bu işlə planlı şəkildə məşğul olduqlarını və əməlləri sayəsində müəyyən məbləğdə pul qazandıqlarını etiraf edib. Kənan Hümbətov əsas hədəf kimi təhsil müəssisələri seçdiklərini bildirib.

Onlar Qazaxla yanaşı, digər bölgələrdə də oxşar yolla qazanc əldə ediblər. Dəstə üzvlərindən və kirayə yaşadıqları mənzillərdən müxtəlif şəsxlərlə bağlanılmış müqavilə, tərcümeyi-hal, eləcə də, özlərinə aid jurnalist vəsiqələri aşkar edilərək maddi sübut kimi götürülüb.

Dəstənin digər üzvləri də törətdikləri əməli etiraf ediblər.

Bu şəxslərin əməlindən zərər çəkən digər vətəndaşlar DİN-in “102 Zəng Mərkəzi”nə və ya polis şöbələrinə məlumat verə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstinad: Baku TV

Terefsiz.az