Karantin dövründə küçədə yaşayan kimsəsiz insanların aqibəti necə olacaq? – AÇIQLAMA

0
111

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur. Bu müddət ərzində insanların sağlamlıqlarını qorumaq məqsədilə müəyyən qaydalar hazırlanıb.

Terefsiz.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, yaşı 65-dən yuxarı olan insanların küçəyə çıxması qadağan edilib.

Bəs paytaxt ərazisində küçələrdə yaşayan kimsəsiz, evsiz-eşiksiz insanların aqibəti necə olacaq? Karantin dövründə onlar həm özləri təhlükə altındadır, həm də digər insanların koronavirusa yoluxma riskini artırırlar. Küçələrdə yaşayan kimsəsiz insanlar müvəqqəti də olsa sığınacaqlara yerləşdirilirmi?

Məsələ ilə bağlı Terefsiz.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sorğuya cavab olaraq bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Sosial Sığınacağa qəbul birbaşa aparılmır:

“Hazırkı şəraitdə bu və ya digər səbəblərdən evsiz-eşiksiz qalmış və sosial sığınacağa ehtiyac duyan insanların həmin müəssisəyə yerləşdirilməzdən öncə pandemiya ilə əlaqədar ilk mərhələdə iki həftəlik karantin dövrü keçmələri tələb olunur. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığınacağına yaxın ərazidə ayrıca karantin məqsədli sığınacaq bölməsi yaradılıb. Həmin şəxslər əvvəlcə karantin dövrü keçmələri üçün bu sığınacaq-bölməyə qəbul olunurlar.

Müasir tələblərə uyğun şəraitin mövcud olduğu sığınacaq-bölməyə qəbul olunan şəxslər burada 14 gün ərzində xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər. Eyni zamanda, bu müddət ərzində hər gün azı iki dəfə müvafiq cihazlarla yaxın məsafədən temperaturları ölçülür, iki dəfə TƏBİB mütəxəssisləri tərəfindən tibbi müayinələrdən keçirilirlər. Karantin dövründə müayinələrin nəticələri müsbət olmadığı təqdirdə, onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa köçürülürlər. Buraya yerləşdirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial məişət xidmətləri ilə təmin edilirlər. Xüsusən də, həmin insanların normal həyat tərzinə qayıtması, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır”.

F.Talıbov onu da əlavə edib ki, xüsusi karantin rejimi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında da sakinlərin pandemiyadan qorunması üçün bütün işlər görülür.

“Sosial Sığınacaqda yüksək standartlara cavab verən şərait yaradılıb. Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub, burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tam tətbiq edilir. Qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. mövcuddur. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür”.

Könül Cəfərli 

istinad:oxu.az