“Kaspi” qəzetinə dövlət dəstəyi dayandırıldı.

0
208
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib.
Terefsiz.az xəbər verir ki, maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki qəzetin kollektivi bununla əlaqədar Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.Müraciət müəllifləri bildiriblər ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində “Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib. “Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq.
Hazırda “Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır”, – deyə müraciətdə bildirilir.
Müraciət müəllifləri qeyd ediblər ki, qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə heç bir məlumat verilmir: “KİVDF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur.
Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız!”.
“Kaspi” qəzetinin təsisçisi Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.
Terefsiz.az məsələ ilə bağlı KİVDF-nin icraçı direktoru Vüqar Səfərovla əlaqə saxlayıb. İcraçı direktor qəzetlərə maliyyə yardımının ayrılması barədə qərar qəbul olunduğunu təsdiqləyib. “Qərar qəbul olunub, hələ məlumat yaymamışıq, yayanda gərəcəksiniz”, – deyə Vüqar Səfərli bildirib.
“Kaspi” qəzeti ilə bağlı məsələyə gəlincə, icraçı direktorun cavabı qısa olub: “Müraciət ünvanlayıblarsa, deməli, cavabını da verəcəklər”.