Keçmiş “siyasi məhbus” kimi tanınan Qiyas İbrahimov azadlığa buraxıldıqdan həftələr sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduqdan sonra buraxılıb.

0
390

Keçmiş “siyasi məhbus” kimi tanınan Qiyas İbrahimov azadlığa buraxıldıqdan həftələr sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduqdan sonra buraxılıb.

Onun sözlərinə görə, polis işçiləri onun yazdığı Facebook statusunu çap edərək prezidenti təhqir etdiyini idia ediblər.

“Statusumu çap edib göstərirlər ki, sən diktator yazmısan, prezidenti təhqir etmisən. Əgər sübut olsaydı, yəqin ki, inzibati qaydada həbs edilərdim. Təhqir etdiyimə dair sübut olmadığına görə, pərdəarxası söhbət apardılar ki, bundan sonra belə olmasın. Dedilər nə yazırsan yaz, amma təhqir etmə”.

Çərşənbə günü Nizami rayonu 25-ci polis bölməsinin işçiləri Qiyas İbrahimovun evinə gələrək onu Bakı Şəhər Baş Polis idarəsinə dəvət ediblər.

Novruzqabağı əfv sərəncamı ilə azadlığa çıxan Qiyas İbrahimov bunun üçün rəsmi bildiriş və səbəbin göstərilməsini tələb etdikdən bir neçə saat sonra ona rəsmi bildiriş göndərilib.

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan həbs olunduqdan sonra bu ilim martında azadlığa buraxılmışdılar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar, onlar bu ittihamları rədd etmiş və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah etmişdilər.

Bayram Məmmədov bir neçə gün öncə yenidən saxlanılıb və ona 30 sutka həbs cəzası verilib. Tərəfdarları səbəbin onun həbsdən çıxdıqdan sonra yerli mediaya verdiyi müsahibə ilə əlaqəli olduğunu deyirlər.
Qiyas İbrahimov deyir ki, Bayram Məmmədov yenidən həbs olunanda sosial şəbəkələrdə bununla “siyasi məhbuslar sahəsindəki islahatlara inamsızlıq” barədə status yazıb və bu status polis idarəsində ona göstərilib.

DİN: “Təhlükəli heç nə yoxdur”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov daha öncə  deyib ki, “Qiyas İbrahimovun polisə dəvət olunmasında təhlükəli heç nə yoxdur”.

Cənab Zahidov söyləyib ki, “prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış hər kəs ərazi polis orqanlarına dəvət olunur və onlarla fərdi söhbət aparılır, qayda-qanun izah olunur”.

Polis idarəsinə çağırış vərəqəsində səbəbin olmaması sualına cavab verən Ehsan Zahidov deyib ki, “burada təhlükəli heç nə yoxdur. Onunla söhbət aparılacaq və evə buraxılacaq”.

Novruzqabağı əfv sərəncamı ilə azadlığa çıxan Qiyas İbrahimov Bakı şəhər Baş Polis idarəsinə gətirilib.

Nizami rayonu 25-ci polis bölməsinin işçiləri ona rəsmi çağırış vərəqəsi veriblər, amma bildirişdə səbəb göstərilmir.

Vərəqədə deyilir ki, 25-ci polis bölməsinin rəisi Qiyas İbrahimovu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb və o, çərşənbə günü saat 16:00-dan 18:00-dək ora getməlidir.

Qiyas İbrahimov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmasının səbəbini bilmədiyini deyib. Onu evindən polis idarəsinə qədər mətbuat nümayəndələri izləyib və canlı yayımla hadisələri sosial şəbəkələrdə yayıblar.

“Belə olmasaydı, polis idarəsinə belə gəlməsəydim, mən də tutulacaqdım”, – Qiyas İbrahimov söyləyib.

 

Qiyas İbrahimov kimdir?

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.

Qiyas İbrahimov və Bayram Məmmədova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onlar bu ittihamları rədd edirlər və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah ediblər.

Rəsmilər onların “konkret cinayət əməlinə görə” həbs edildiyini bildirib.

İstinad: BBC NEWS Azərbaycan