Avstraliyanın Viktoriya ştatının sakini kenqurunun hücumu zamanı ciddi xəsarət alıb.
Dina adlı qadın həmin vaxtı iti ilə gəzintiyə çıxıbmış. Sahildə xaltası açılan it yaxınlıqda olan kenqurunun üzərinə cumub. Dina buna mane olmaq istədikdə isə kenqurunun hücumuna məruz qalıb. Qadının sözlərinə görə, kenquru onu yıxaraq üstündə tullanmağa başlayıb. Zərərçəkən özünü müdafiə edə bilmədiyindən, son çərəni özünü ölülüyə vurmaqda görüb.
Kenquru ilə qarşılaşmanın nəticələri ciddi olub – heyvanın iti caynaqları qadının əllərində, ayaqlarında və kürəyində dərin yaralar açıb. Dinanın təkcə üzünə 25 tikiş atılıb, kəsiklərin bəziləri isə sağ göz üçün təhlükəli məsafədə olub. Qadın bir neçə gün xəstəxanada yatmalı olub.
Bununla belə, Dina baş verənlərdə özünü təqsirləndirir. Onun sözlərinə görə, insanlar heyvanlara hörmətlə yanaşmalı, onların ərazisinə soxulmamalıdırlar.
Qeyd edilir ki, qadının hücuma məruz qaldığı yerin yaxınlığında itləri xaltada saxlamaq barədə xəbərdarlıq var.
Terefsiz.az