“Kim deyir ki, uşağa qulaqburması verilməməlidir?!” – “Müəllimi şagirdin qabağında sındırırlar”

0
191

“Biz müəllim və şagird arasındakı problemləri həll etmək üçün nə etmək lazım olduğunu uzun illərdir deyirik. Məndən başqa, təhsil ekspertləri, pedaqoqlar, ziyalıların da bunu deməsinə baxmayaraq, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri deyilənləri qulaqardına vurub vecinə almır”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti, Sağlam Hərəkat Cəmiyyətinin rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib.

O, son günlər məktəblərdə baş verən hadisələrə, habelə müəllim-şagird münasibətlərində yaranmış problemlərə münasibət bildirib.

Ekspertə görə, bunun səbəbi təhsilin başında aparılan eksperimentlərlə bağlıdır:

“Guya şagirdyönümlü tədris proqramı, kurikulum sistemi yaradılır, eləcə də şagirdə “volya” verilir ki, dəymə-toxunma.

Məsələnin digər tərəfi də budur ki, valideynlər uşaqlarına tərbiyə verməyi tərgidiblər. Cəmiyyətimizdə kütləvi surətdə uşaqlara tərbiyə verilməsi artıq yoxdur. Hazırda mərkəzdə uşaq dayanır. Ata, ana bunun nazıyla oynamalı, bütün tərbiyəsizliklərinə dözməli, istədiyi şey isə fokus göstərərək hazır olmalıdır. Belə uşaq böyütmək prinsipi və saxta təfəkkür bizə necə gəldi, bilmirəm, amma bütün cəmiyyətə virus kimi yoluxdu. Bunun da nəticələri budur”.

“Mən də bu barədə paylaşmışdım və məncə, burada günah müəllimdə yox, uşaqlardadır. Bizim gördüklərimiz isə milyonda birdir. Real vəziyyət isə çox pisdir və milyonlarla belə faktlar var. Burada müəllimlərin, ən əsası isə məktəbin tərbiyə vermək hüququ əlindən alınıb, sadəcə təhsil hüququ saxlanıb. Təhsillə tərbiyə eyni vaxtda verilməlidir. Əgər bunun biri varsa, biri yoxdursa, burada heç bir təhsildən söhbət gedə bilməz”, – əlavə edib.

Təhsil eksperti vurğulayıb ki, biz uşaqlarımızı robota çevirmək və beyninə informasiya yükləmək üçün məktəbə göndəririk:

“Biz insan yetişdirməyə çalışmırıq. Belə olan halda da görürük ki, bu uşaqların öyrəndikləri bir qara qəpiyə dəymir. Son zamanlar görürəm ki, bizim məqsədimiz beyni hər cür zir-zibillə doldurulmuş robot yetişdirməkdir. Biz insan yetişdirmək istəmirik. Bunu nə hökumət, nə də valideynlər istəmir. Müəllimlər də bacarmır. Çünki həm hüquqları yoxdur, həm də bacarmırlar”.

E.Bayramlının qənaətinə görə, bu sahədə çoxsaylı problemlər var:

“Təhsilin başındakı eksperimentləri qurtarmaq, müxtəlif sistemləri rədd etmək lazımdır. Köhnə sistemə keçmək lazımdır. Biz görürdük ki, əvvəllər müəllim-şagird münasibətləri necə idi, indi necədir. Bu da onu göstərir ki, son dövrlərdə aparılan eskperimentlər biabırçı və faciəvi nəticələr verib. Bunu dayandırmaq lazımdır. Biz bunu nazirliyə deməkdən yorulmuşuq”.

Müshaibimiz iddia edib ki, buna baxmayaraq, nazirlik xalqın acığına vəziyyəti daha da pisləşdirir, birinin üstünə beşini də qoyub edir:

“Problemi harada qaldırırsansa, ondan da betərini gətirir. Qısası, təhsili bu günə qoyan nazirlikdir. Elm və Təhsil Nazirliyi sırf bununla məşğuldur: təhsil sistemini çökdürmək, uşaqları tərbiyəsiz böyütmək, müəllimləri sındırmaq. Nazirlik bu gün qarşısına konkret məqsəd qoyub ki, müəllimləri psixoloji cəhətdən sındırıb məhv etsin və onu şagirdin qabağında mənasız varlığa çevirsin. Bu vəziyyətin başqa adı yoxdur və ortada real fakt var”.

“Mənim paylaşdığım videonun altına onminlərlə şərh gəlib, müəllimlər nələr yazır. Məgər buna baxıb görmürlər?! Mənə maraqlıdır ki, bunların məqsədi nədir?! Nə fikirləşirlər?! Bu tragikomediyanı artıq qurtarmaq lazımdır. Bizim uşaqlarımız tamamilə tərbiyəsizləşir, qudurur, eqoist, narsist olurlar. Bu gün sırtıq bir kütlə formalaşır və biz bunu gözümüzün qabağında görürük. Bununla bağlı nə fikirləşirlərlər?! Belə görmək istəyirlər?! Yox, əgər belədirsə, məsləhət görürəm ki, valideynlər uşaqlarını məktəbdən çıxarsınlar, özləri hazırlığa qoyub, müəllim tutsunlar. Belə biabırçı məktəb lazım deyil. Buna məktəb deyilmir, məktəb vaxtilə bizim oxuduğumuz idi. Ona görə də ya bunu ləğv etsinlər, ya da adam balası kimi normal, insani, dünyəvi bir təhsil sistemi qursunlar”, – məktəblərdəki vəziyyəti şərh edərkən söyləyib.

“Kim deyir ki, cəza mexanizması olmamalı, uşağa qulaqburması verilməməlidir?! Bunu haradan çıxarıblar? Onda Cinayət Məcəlləsini ləğv etsinlər ki, kim nə istəyir, etsin. Cəzalanmayan uşaq tərbiyəsiz, qudurğan uşağa çevrilir. Çünki o başa düşür ki, ona heç kim heç nə edə bilməz və kefi istəyəni edəcək. Bizim vaxtımızda müəllim valideyn kimi yüngülvari vururdu. Biz həddən artıq tərbiyəsizlik edəndə bizə çırtma vururdu, saçımızdan dartırdı. Bu gün ortada gördüyümüz Azərbaycanın bütün dəyərli ziyalıları həmin o uşaqlardır. Onların heç biri nə terrorçu, nə cibgir, nə də zombi olmayıb indiki kimi. Belə olmalıdır və uşaq başa düşməlidir ki, etdiyi hərəkətin cəzası var. İndi isə deyirlər ki, uşaq nə istəyir etsin. Bunun axırı ona gətirib çıxarır ki, bir azdan uşaqlar Amerikadakı kimi məktəbə bomba qoyub partladacaqlar. Bunlar anarxiya və özbaşınalığa gətirib çıxarır”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV