Kişilər XY cinsi xromosomların dəstinə görə qadınlardan daha az yaşayırlar. Bu qənaətə Avstraliyanın Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları gəliblər.
Araşdırmanın nəticələri “Biology Letters” jurnalında yerləşdirilib.
Elmi qrup Y xromosomların orqanizmi X xromosomlarda gedən zərərli mutasiyalardan qoruya bilməməsi ilə bağlı fərziyyəni yoxlamaq istəyib.
Alimlər 229 heyvan növünün erkək və dişilərində xromosomların toplusunu həyat müddəti ilə müqayisə ediblər.
Məlum olub ki, eyni cüt xromosomlu fərdlər orta hesabla 17,6% daha uzun yaşayırlar. Eyni zamanda, heyvanın növündən asılı olaraq, bu cür homogen xromosom dəsti həm erkək, həm də dişi fərdlərdə ola bilər.
Belə ki, quşlar, kəpənəklər və pərvanələrin məhz erkək fərdlərini ZZ xromosomları müəyyən edir, dişilər isə ZW xromosomlara malikdirlər. Belə halda həyat müddəti kişi fərdlərdə daha uzundur.
Alimlər bildirirlər ki, insanlarda isə məhz qadınlar XX xromosomunun daşıyıcılarıdır və buna görə də onlar daha uzun yaşayırlar.
istinad:oxu.az