Komitə: İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.

0
252

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 20-də Bakıda keçirilən yürüşlə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən  daxil olan məlumatda deyilir:

“Oktyabrın 20-də Bakı şəhərində yürüş keçirilib. Yürüşdə Azərbaycan Respublikasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilib.

Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada hər il zorakılıq səbəbindən 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Bütün bunlar onu göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır.

Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bütün dünyada qadınlara qarşı zorakılığın miqyası ildən-ilə genişlənir. Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması Hökumətin əsas prioritetləridir.

2006-cı ildə Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub, 2011 və 2012-ci illərdə isə Qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Eyni zamanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

Lanzarotta Konvensiyasının ratifikasiya edilməsi və İstanbul Konvensiyasının imzalanması və ratifikasiya edilməsi istiqamətində ölkəmizdə mühim addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Azərbaycanın müvafiq bəyənatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub.

BMT-nin CEDAW Komitəsi tərəfindən Azərbaycan hökumətinin 5-ci dövri məruzəsi ilə bağlı (2015-2018) ölkəmizə qadınların hüquqlarının təşviqi məqsədi ilə bir neçə mühim addımların atılması, o cümlədən İstanbul Konvensiyasına qoşulması tövsiyə olunub.

Azərbaycan Respublikası tərəfindən İstanbul Konvensiyasının imzalaması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla, kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.

Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər və vəkillər üçün təlimlər keçirilib.

Hazırda Yerli İcra Hakimiyyəti orqanlarında yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün Komitə tərəfindən “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda təlimlər keçirilir, seminarlar təşkil olunur.

Həmçinin, “Məişət zorakılığını qarşısının alınması haqqında Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

Sosial sifariş əsasında yerlərdə qeyri-dövlət yardım mərkəzlərinin yaradılması planlaşdırılıb və uğurla həyata keçirilməkdədir.

Hüquq-mühafizə orqanlarında qadınların sayının artırılması, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülən işlərin uğurlu nəticəsi olaraq qəbul edilməkdədir.

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin aparılması, risk qrupuna daxil olan ailələrin qeydiyyata alınması və həmin ailələrlə Qanunda nəzərdə tutulan yardımların göstərilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə məişət zorakılığının qarşısının alınması istiqamətində hüquqi, sosial və qabaqlayıcı tədbirlər qanuna müvafiq olaraq həyata keçirilir, eyni zamanda qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müvafiq tədbirlər görülür”. 

Terefsiz.az