Koroğlumu korun oğlumu ?
Ya olduğun kimi görün yada ki , göründüyün kimi ol.
İnsanın hər çətinlikdə fərqli sifətə girməsi, fikir dəyişdirməsi və bu dəyişikliyin pis olduğunu cəmiyyətin bildiyinin fərqində olmasına baxmayaraq arsızcasına fəaliyyət göstərməsi çox qəribədir.
Kimə və nəyə görə insan mənəvi dəyərlərini maddi dəyərlərinə qurban verməlidir axı?
Daha yaxşı yaşamaq üçün insan ideologiyasına necə xəyanət edə bilər ?
Bilirsinizmi istər Sosial şəbəkələrdə istərsə də qatıldığımız konfranslarda birilərinin gözünə girmək üçün sabah hardasa mənədə vəzifə verərlər düşüncəsi ilə özünü Milli, Dövlətçi göstərməyə çalışan lakin cəmiyyətin hafizəsində heç də sağlam biri kimi yer tutmayan yüzlərlə insan mövcuddur.
Millətçilik insanın canında, qanında, ruhunda olur. Müəyyən bir yerə gəlmək üçün Millətçilikdən tramplin kimi istifadə etməyə çalışanlar sözsüz ki, tarixin tozlu səhifələrində itəcəklər.
Bunu tam əminliklə deyə bilərəm ki, qurd libasına bürünmüş çaqqallar heç vaxt heç bir şeyə nail olmayacaqlar.
Sosial şəbəkələrdə yalandan canfəşanlıq edənləri də, əslində millətin dərdinə yanan insanları da müşahidə elədiyim zaman həmişə ağlıma bir əhvalat gəlir .
“Deməli günlərin bir günündə bir gənc Koroğlu olmaq həvəsinə düşür. Oturub dərindən fikirləşməyə başlayır, mən necə Koroğlu ola bilərəm. Özü də dərk edirdi ki, onda Koroğluda olan cəsarət yox idi. Əvvəl axır bu qərar gəlir ki nə qədər igidlik göstərsə də Atasının gözlərini çıxartmamış kimsə ona Koroğlu deməyəcək. Beləliklə düşüncəsini həyata keçirmək qərarı alır və Atasının gözlərini çıxardır. Bu hadisədən sonra hərkəs ona Koroğlu deyil də, məhz Korun oğlu deməyə başlayır.
Çünki əsil Koroğlu şəxsi mənafeyi naminə deyil haqsızlığa boyun bükmədiyi üçün və haqq mübarizəsində Atasının gözləri çıxarıldı deyə o adı aldı. Korun oğlu isə sırf ad-san qazansın deyə atasının gözlərini çıxartdı”
Vətənini sevən, Millət, Dövlət yolunda eşq ilə çalışan və hər zaman haqsızlığa qarşı çıxan insanlar Koroğlu, pul vəzifə, yaxşı həyat üçün ideologiyasına xəyanət edən insanlar isə Korun oğludurlar.
Mərdan Orucoğlu