Koronavirus şübhəsi ilə bağlı daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 19-da yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər – Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəliblər.
Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə həkim müşahidəsi üçün KTM-ə çatdırılıblar.
Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.
Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.
istinad:oxu.az