Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir – FOTO

0
170

Tez-tez küçələrdə, parklarda insanların tumları çırtlayaraq, qabığını yerə atmasının, siqaret kötüklərini, sərinləşdirici içkilərin qablarını tullamasının şahidi oluruq. 

İnsanlar şəhərimizin təmizliyinə riayət etməməyi bir çox səbəblərlə izah etməyə çalışırlar. Bəziləri zibilqabıların çatışmazlığından şikayətlənirlər. Düzdür, bir müddət əvvəl paytaxtda urna problemi ilə bağlı yazı hazırlamışdıq. Ancaq bu da insanların hərəkətinə haqq qazandıra bilməz.

Bir neçə gün öncə paytaxtda yerləşən parklardan birində olarkən gənc ailənin çırtladığı tumların qabıqlarını özləri ilə gətirdiyi sellofan torbaya atdığının şahidi oldum. Çox gözəl mənzərə idi. Daha sonra gənclər sellofan torbanı yaxınlıqda yerləşən zibil qutusuna atdı.

Ancaq hər gün işə gələrkən qarşılaşdığımız mənzərə bu kimi insanların azlığından xəbər verir.

Bəziləri isə yaxınlıqda zibilqabı ola-ola sərinləşdirici içkilərin qablarını belə ora atmağı özlərinə “ar” bilirlər. Yaxınlaşıb etiraz etdikdə isə özlərini təmizə çıxarmağa, bəzi hallarda mübahisə etməyə başlayırlar.

Dəniz sahilindəki vəziyyət də heç ürəkaçan deyil. Bir çoxları yediyi qarpız-yemiş qabıqlarını, içkilərin şüşələrini oradaca qoyub gedirlər. Meşələr, istirahət mərkəzlərində də analoji vəziyyət hökm sürür.

Futbol oyunları zamanı da oxşar hallarla qarşılaşırıq. Qarşılaşma bitdikdən sonra stadiondakı vəziyyəti təsvir etmək qeyri-mümkündür.

Azərbaycan qanunvericiliyində zibilin yerə atılmasına görə müəyyən cərimələr nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əsasən, tullantıları zibil qablarından kənara atanlar 50 manat cərimə olunur. Yəni vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnə bilər.

Bundan başqa, şəhəri zibilləməyə görə sürücülər də cərimələnir. Yol hərəkəti haqqında qanuna görə, maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə sürücü 40 manat, sərnişinlər isə 30 manat cərimələnməlidir.

Meşələri zibilləyən və çirkab suları ilə çirkləndirən fiziki şəxslər 600-1000 manat, vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər 6000-8000 manat cərimə edilir.

Dəniz, çay, göl və digər su obyektlərini çirkləndirən, zibilləyən, su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı tələblərə riayət etməyən fiziki şəxslərə 600-1000 manat, vəzifəli şəxslərə 2500-4000, hüquqi şəxslərə isə 7500-10000 manat cərimə nəzərdə tutulur.

Dəmiryolu qatarlarının vaqonlarından zibil, yaxud başqa predmetlər atsanız 30 manat cərimə edilə bilərsiniz.

Metronu zibilləyənlər və ya metroda hər hansı yerə yazı yazanlara 15 manat cərimə nəzərdə tutulur. Metroda dəmiryoluna hər hansı əşya atmağın cəriməsi isə 30 manatdır.

Əgər dəniz və çay nəqliyyatı gəmilərindən zibil və başqa predmetlər atsanız, 30 manat cərimə edilə bilərsiniz.

Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı açıqlama verib.

“Azərbaycana diqqət böyükdür, turist axını yüksəkdir, ciddi işlər həyata keçirilir. Hər bir Bakı sakini şəhərdə təmizliyə riayət edilməsinə çalışmalıdır. Bəzən şəxsən şahidi oluram ki, insanlar zibilləri kənara atırlar.

Birincisi, şəhər təsərrüfatına rəhbərlik edən insanlar elə şərait yaratmalıdır ki, hər yerdə zibil qabları qoyulsun. Son vaxtlar şəhərdə bu işə başlanılıb. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bu işi sona çatdıracaq.

İkincisi, insanlar da başa düşməlidir ki, şəhər bizimdir, bura ekoloji cəhətdən nə qədər təmiz olsa, bu bizim nəfəs almağımız, təmiz şəhərdə yaşamağımız üçün böyük əhəmiyyət kəsb edir”, deyə millət vəkili əlavə edib.

Deputat son vaxtlar ölkəmizə gələn əcnəbi turistlərin də özlərini aparma, qanunlara riayət etmə məsələsinin gündəmə gəldiyini deyib:

“Onlar başa düşməlidir ki, əgər bu ölkəyə turist kimi gəlirlərsə, qayda-qanuna riayət etməlidirlər”.

V.Əhmədov qeyd edib ki, bu məsələdə cərimələr müəyyən qədər əhəmiyyət kəsb edir:

“Amma əsas məsələ odur ki, insanların beynində müəyyən təbliğat maşınları işə düşməlidir. Onlar başa düşməlidilər ki, bu hərəkəti etmək olmaz və qanuna ziddir. Cərimələr də tətbiq olunmalıdır, bu, insanların zibili yerə atması ilə mübarizədə əhəmiyyətlidir. Ancaq bütün bu məsələlər insanlara bağçadan, məktəbdən öyrədilməlidir”.

İstinad: Oxu.az

Terefsiz.az