Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb.
Terefsiz.az xəbər verir ki, mövsümün ilk günündə istehsalçılardan 11 tondan artıq məhsul qəbul olunub.
Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, builki mövsümdə 253 kümçü tərəfindən 825 qutu (15675 qram) ipəkqurdu bəslənilib və bol məhsul yetişdirilib. Rayonun Qaramahmudlu, Sovla, Mollakənd, Carlı, Yenikənd, Köhünlü, Qocalı və digər yaşayış məntəqələrində kümçülər daha yüksək məhsuldarlığa nail olublar.
Mövsümün ilk günündə Sovla kəndindən Ərzuman Məmmədov məntəqəyə 115 kiloqram, Qaramahmudlu kəndindən Əlisa Azayev 111,6 kiloqram, Qocalı kəndindən Sənan Məmmədov 95,4 kiloqram yaş barama təhvil veriblər. Yaş barama “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilir.
Rayon üzrə cari mövsümdə 33 tondan çox yaş barama tədarükü gözlənilir ki, bu da ötən ildəkindən 13 ton çoxdur.
İstinad: Report.az
Terefsiz.az