Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb

0
173

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb.

Bu barədə Neftçala və Salyan rayon sakinləri bildirib.

Belə ki, dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlərin vurulması başa çatıb. Belə bir halda Kürdə suyun səviyyəsi qalxmalı, suaşırıcı bəndlərin üzərindən su keçməli idi. Amma Kür günbəgün qurumaqda davam edir, əkin sahələrinin suvarılmasında problem yaranıb.

Hazırda şor suyun Kürə qarışmasının qarşısı alınsa da, vəzyyət heç də ürəkaçan deyil. Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.

Sakinlər deyir ki, axıntı olmadığından çay ciddi çirklənməyə məruz qalıb. Vəziyyət o həddə çatıb ki, indi Kürün suyundan istifadə etmək mümkün deyil.

Çayda su səviyyəsinin aşağı düşməsi su nasoslarına da ciddi təsir göstərib. Kür ətrafında quraşdırılmış su nasoslarının boruları havadan asılı qaldığından sugötürmə qabiliyyətini itirib. Artıq bəzi nasoslar sıradan çıxıb.

Salyanda isə vəziyyət daha acınacaqlıdır. Çayda suyun səviyyəsi həddən artıq aşağı düşdüyündən Kür adi kanala çevrilib. Burada da su nasoslarının əksəriyyəti quruda qalıb. Əkin sahələrinin suvarılmasında çətinlikər yaranıb.

Sakinlər Kürdə suyun səviyyəsinin aşağı düşmə səbəbini Mingəçevir su anbarından suyun az buraxılması ilə əlaqələndirir.

Mütəxəssislər hesab edir ki, Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılarsa, Kür çayının aşağı axınında yaranmış gərginliyi aradan qaldırmaq olar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında (ETSN) Milli Hidrometeorologiya Xidmətindən (MHX) yerli büroya bildirilib ki, aprel-iyun aylarında Kürdə gursululuğun artması, eyni zamanda anbardan çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə ümid verir.

terefsiz.az