KXDR Yapon dənizinə üç ballistik raket atıb

0
70

Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb.

“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə çərşənbə günü “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, raketlər Pxenyan yaxınlığındakı Sunan ərazisindən atılıb.

NHK telekanalının müdafiə mənbələrinə istinadən verdiyi məlumata görə, KXDR tərəfindən buraxıldığı iddia edilən ballistik raketlərdən ikisi Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasından kənara düşüb.

Üçüncü raketin düşdüyü ərazi ilə bağlı hələ məlumat daxil olmayıb. Yaponiya Müdafiə Nazirliyi həyata keçirilən sınaqlarla bağlı məlumat toplamaqda davam edir.

Yaponiyanın Sahil Mühafizəsi bölgədəki balıqçı qayıqlarına xəbərdar edərək, ehtiyat tədbirləri görmələrini və raket qalıqları aşkar edilərsə, onlardan uzaq olmalarını tövsiyə edib.

Yaponiya ABŞ Prezidenti Cozef Baydenin Seul və Tokioya səfərindən, həmçinin Quad sammitinin keçirilməsindən dərhal sonra raket buraxılışlarının həyata keçirilməsini birbaşa təxribat adlandıraraq KXDR-ə etiraz edib. Bu barədə çərşənbə günü jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kisi bildirib.

“Bu, Şimali Koreya tərəfindən açıq-aşkar təxribatdır. Bu, qətiyyən qəbuledilməzdir. Biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirdik”, – o deyib.

“Şimali Koreyanın iki raketi 300 və 750 km uçaraq, Yaponiyanın iqtisadi zonasından kənara düşüb”, – nazir əlavə edib.

KXDR-in raket buraxılışları nəticəsində Yaponiya gəmilərinə dəyən ziyan barədə məlumat verilməyib.

Xatırladaq ki, Pxenyan ilin əvvəlindən 10-dan çox raket sınağı həyata keçirib. Yaponiya və ABŞ ardıcıl olaraq KXDR-in tam nüvəsizləşdirilməsinin tərəfdarıdır, hər iki ölkə Pxenyanın nüvə raket fəaliyyətini bütün beynəlxalq ictimaiyyətin sülh və sabitliyinə təhlükə adlandırır.

 

TEREFSİZ.AZ