Litvada prezident seçkiləri və iki referendum keçiriləcək
Terefsiz.az saytı xəbər verir ki, bu gün Litvada növbəti prezident seçkiləri keçiriləcək. “TASS”-ın məlumatına əsasən, eyni zamanda ikili vətəndaşlıq və Seym (parlament) deputatlarının sayının azaldılması ilə bağlı iki referendum da baş tutacaq.
Qeyd edək ki, dövlət başçısı postuna doqquz namizəd var. Ekspertlərin fikrincə və aparılan sosial sorğunun nəticələrinə əsasən, favoritlər 54 yaşlı iqtisadçı Qitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrida Şimonite və 48 yaşlı Baş Nazir Saulüs Skvernyaylisdir. Litvanın indiki prezidenti Dalya Qribauskayte artıq ikinci müddətdir ki, dövlət başçısı vəzifəsini icra etdiyi üçün namizədliyini irəli sürə bilmir.
Qələbə üçün namizədlər 50%-dən artıq səs toplamalıdırlar. Heç biri buna müvəffəq ola bilmədiyi təqdirdə, iki həftədən sonra ikinci tur keçiriləcək.
Ölkənin 2,472 milyon vətəndaşı səsvermə hüququna malikdir. Seçki məntəqələri yerli vaxtla 07:00-da (Bakı vaxtı ilə 08:00) açılacaq.
Qeyd edək ki, prezident beş il müddətinə seçilir.
Terefsiz.az