“Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin keçidi üçün müvafiq şərait mövcuddur”

0
69

“Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddia əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik”.

“Terefsiz.az” xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində yer alıb.

Qeyd olunub ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur.

Şərhdə vurğulanıb ki, Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur:

“Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır. Sülh danışıqlarını boykot etmiş Ermənistanın XİN-in bu bəyanatı, bu hadisədən yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə kimi istifadə etmək niyyətindən xəbər verir”.

terefsiz.az