“Madrid prinsipləri” qayıdır? – “Qarabağ məsələsində Azərbaycana təzyiqlər var”

0
137

“Məncə, Fəzail İbrahimlinin “dünya bizi “Madrid prinsipləri” ilə işləməyə məcbur edir” fikrinə onun özündən münasibət öyrənsəniz, daha yaxşı olar. Amma ümumi götürsək, Qarabağla bağlı məsələlərdə, əlbəttə, təzyiqlər var. Brüsseldə görüşlər oldu, ümumi razılıq əldə olundu, Baş nazir Paşinyan cənab Prezidentin 5 maddəlik təklfini qəbul etdi, amma İrəvana gəldi və tamamilə başqa şeylər danışdı”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin sələndirdiyi məlum fikirlərə, habelə Madrid prinsiplərinin yenidən canlanması ehtimalına şərh verib.

Millət vəkili hesab edir ki, nə qədər ki Rusiya sülhməramlıları Qarabağdadır və Rusiya-Ukrayna müharibəsi tam axıra çatmayıb, bu məsələ öz müsbət həllini hələ tapmayacaq:

“Əlbəttə ki, ərazi bizimdir və 40 gündən çoxdur ki, bizim ekofəallar çalışırlar, amma monitorinq aparmağa imkan vermirlər hələ. Problem çoxdur. Məsələn, Laçın dəhlizində mütləq gömrük xidmətimiz olmalıdır ki, oradan nə daşınır, nə aparılır, bilək”.

“Amma ümumi prinsip budur ki, Brüsseldə dəfələrlə görüşlər oldu və bu görüşlərin hamısı Azərbaycanın xeyrinə həll edildi. Lakin indi Rusiya-Ukrayna müharibəsində problemlər ki yaşanır, ümid edirəm, Ukrayna ərazi bütövlüyünü bərpa edəndən sonra bu məsələlər öz həllini tapacaq. Amma maneələr hiss olunur. Fransa və İranın etdikləri gizli deyil, göz qabağındadır”, – söyəyib.

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov isə bəyan edib ki, o, Madrid prinsiplərinin yenidən canlanması və bunun təklif olunması fikri ilə razı deyil:

“Yaxşı olardı ki, Fəzail bəy fikirlərini daha da açıqlayardı.

Madrid prinsiplərinə gəldikdə isə artıq status-kvo dəyişib və Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu status-kvoya qayıtmaq mümkün deyil. İndi həm Praqa danışıqlarında, həm Soçidə, həm də digər yerlərdə “Madrid prinispləri”ni yada salan yoxdur və bu mövzular gündəmdə deyil”.

Eks-nazir əlavə şərh vermək istəməyib:

“Mənim kiminsə fikirlərini şərh etməyim düzgün deyil və belə formatda danışmaq istəmirəm. Məncə, fikrə fikir bildirmək düzgün deyil”.

Rafi MÜSLÜMOV