Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
“TEREFSİZ.AZ” xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 14 843 bakalavrdan 203 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 1 nəfərin nəticələri ləğv olunub.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 6 iyun 2022-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat 10:00–dan 4 iyun saat 17:00–dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
TEREFSİZ.AZ