Milli Məclisin İntizam Komissiyası Erkin Qədirlini müzakirəyə çıxara bilər

0
66

“Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik”.

“Terefsiz.az” xəbər verir ki,bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib. Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub:

“Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir”.

Onun sözlərinə görə, əgər Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, onda ötən üç il ərzində mandatından imtina etməliydi. Bununla da özünün indi demiş olduğu fikirlərə uyğun addım atmış olardı:

“Bu zaman ona kimsə hansısa formada haqq qazandıra bilərdi. Ancaq üç il mandatdan, onun səlahiyyətlərindən istifadə edib, Milli Məclisin plenar və komitə iclaslarında iştirak edib, özünü bu platformadan cəmiyyətə tanıdıb, daha sonra bu gün ölkədə gedən demokratik proseslərə böhtan atmaq heç bir dəyərə, qərəzsiz və səmimi fikirlərə söykənmir. Ona görə də Erkin Qədirlinin bu fikirlərini rədd edir, eyni zamanda dediklərini özümə qarşı böhtan kimi dəyərləndirirəm. Fikrimcə, bəlkə də bütün deputatlarımız mənim bu fikirlərimlə razılaşar ki, ötən seçkilərdə yetərincə çətin bir rəqabət mühiti var idi və o zaman mən xalqın dəstəyi ilə digər namizədlərə qalib gələ bildim”.

“İntizam Komissiyasının üzvü kimi hazırda məsələ ilə bağlı mənə çoxsaylı suallar ünvanlanır. Milli Məclisin Nizamnaməsinə və İntizam Komissiyasının əsasnaməsinə uyğun olaraq bu və ya digər deputatın fəaliyyətində Nizamnamə və Əsasnamənin qaydaları pozularsa, bu, ölkə rəhbərliyi tərəfindən gündəliyə gətirilir

Belə ki, araşdırmalar aparılır və ehtiyac olarsa, İntizam Komissiyasına təqdim edilir. İntizam Komissiyası da həmin deputatın əməllərini obyektiv və qərəzsiz müzakirə edərək qərar verir. Hələ ki, məndə olan məlumata görə, bununla bağlı İntizam Komissiyasına müraciət olunmayıb. Baxaq görək Milli Məclis rəhbərliyinin məsələyə münasibəti nə olacaq. Biz də İntizam Komissiyası kimi Əsasnaməyə söykənərək müzakirələr aparıb məsələ ilə bağlı müvafiq qərarımızı verəcəyik”.

Qeyd edək ki, ötən gün E.Qədirli “Bizdə demokratik seçki yoxdur” deyə açıqlama verib.

terefsiz.az