Millimizin karantinə alınmış legioneri: “Analizin cavabını gözləyirəm”

0
127

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın legioner voleybolçuları – Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər.

Terefsiz.az Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən Yuliya Kərimova Azərbaycana yeni qayıtdığından, qaydalara uyğun olaraq, karantindədir.

35 yaşlı libero evə göndəriləcəyi tarixin ikinci analizin nəticəsinə əsasən bilinəcəyini deyib:

“Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırkı vəziyyətə uyğun olaraq, karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, buradayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır.

Federasiyanın rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımi köməkliyi göstərdi. Burada olduğum günlərdə isə millinin həkimi və meneceri ilə hər gün danışıram. Martın 30-da ikinci dəfə test vermişəm. Analizin cavabını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.

Onun kimi, millinin karantinə alınan digər üzvü Marqarita Əzizova da özünü yaxşı hiss edir.

“Radomka”nın (Polşa) formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hər hansı problem yoxdur:

“Varşavadan Bakıya çarter reysi ilə gəldim. Paytaxta qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də federasiyanın böyük köməkliyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Bura gəldikdən sonra məni də, bütün sərnişinlər kimi, karantinə aldılar. Müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacağam”.

istinad:oxu.az