Mirzə Fətəli Axundov – zamanını qabaqlamış şəxsiyyət.

0
1118

Hər zamanın öz hökmü olduğu kimi, hər dövrün öz mütəffəkiri, ziyalısı, aydını var. Bu şəxsiyyətlər zülmət gecələrdən işıqlı səhərlərə çıxmaq üçün çıraq olur. Xalqının dərdini dərd, sevincini  sevinci edən, bütün hadisələri daxili aləmlərindən buraxıb, yaratdıqlarında əks etdirir şəxsiyyət adına layiq görülənlər.

Belə dühalardan biri də Mirzə Fətəli Axundovdur. 12 iyul 1812-ci ildə Şəkidə, ruhani ailəsində dünyaya göz açan Axundov, uşaqlıqdan dövrünün müasir elmlərə maraq göstərib. Xəttalıq sənətini Mirzə Şəfi Vazeh kimi dahi şair və filosofundan öyrənən Fətəlinin bir şəxsiyyət kimi formalaşmasında Vazehin yeri danılmazdır.

Cəhalət və elmsizliyin geniş vüsat aldığı bir zamanda Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin nəşri Axundov üçün bir ümid şamı yandıraraq, qəzetdə fəal iştirakına təkan verib. “Vəkili-Milləti naməlum” imzası ilə məqalələr dərc etdirən dramaturqumuz, kinayə və ironiya dolu tənqidi yazılarını xalqına sevdirməyi bacarıb.

Ədəbiyyata qədəmlərini şeirlə qoyan Mirzə Fətəli, Səbuhi təxəllüsü ilə yaratmağa başlasa da, nəsr janrına olan maraq onu sonralar dramaturgiyaya gətirib.

Axundov nəinki Azərbaycanda, hətta şərqdə ilk dram əsərlərinin müəllifidir. Dramaturgiyaya bağlılıq, onun rusiyada olarkən, rus dram teatrında tamaşaya qoyulmuş avropa və rus dramaturqlarının əsərlərinin yaratdığı maraqdan irəli gəlir. Bu maraq onu sonralar altı komediya yazmaqla Azərbaycan ədəbiyyatı və tarixinə öz adını qızıl həriflərlər yazdırmağa səbəb olmuşdur.

“Təmsilat” adı altında birləşdirilmiş altı komediya (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) daşıdıqları dramaturji səciyyədən savayı, ədəbi tənqid anlayışını formalaşdıraraq, Axundov yaradıcılığı olaraq, yeni bir nəfəs gətirmişdir.

Yaşadığı zamanı qabaqlayan mütəffəkkirin realizm üslübunda yazmasında əhəmiyyətli rolu din və elmin qarşı qoyulması, cəmiyyətə bir başa təsiri və bu təsirdən doğan nəticələr oynayıb.

Bu cür düşüncəyə sahib belə şəxsə qarşı münasibət sözsüz ki birmənalı olmayıb. Yaratdığı əsərlərin müasir dövrümüzdə də aktuallığını itirməməsi insanlar arasında münasibətlərdən tutmuş, içtimai hadisələr də belə öz əksini tapmasından irəli gəlir.

Səbəbsiz deyildir ki Mirzə Fətəli Axundovun əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına daxil olunub. Bu əsərlər adını daşıdığı Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında hələ də səhnələşdirilir. Müəllifi olduğu əsərlər yazıçının adını əbədiləşdirərək, onu ölməzlər sırasına yüksəldir.

Həyatının əsas hissəsini xalqının tərəqqisi, onun inkişafı üçün sərf etmiş Mirzə Fətəli Axundov, 10 mart 1878-ci ildə uzun sürən xəstəlikdən dünyasını dəyişib. Tiflisdə dünyasını dəyişən düha, vəsiyyətinə uyğun olaraq müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn edilib.

Müəllif: Xanım Əliyeva