Mobil rabitə dünyası 5G-ni gözləyir – ANALİTİKA

0
291

2020-ci ildə geniş tətbiq olunacağı bildirilən mobil rabitənin 5G texnologiyası artıq bir çox ölkələrdə sınaqdan keçirilir.

Terefsiz.az xəbər verir ki, İsveçdə keçirilən ilk sınaqda mövcud simsiz şəbəkələrə nisbətən 40 dəfə artıq olan 15 Gbit/s həcmində sürət əldə olunmuşdu. Texnologiyanın yaradıcılarının fikrincə, sürəti 20 Gbit-ə çatdırmaq olar ki, bununla da 8K (Ultra HD) təsvirilə online videoları ötürmək imkanı yaranacaq.

Bəzi ekspertlər infrastrukturun yaradılması üçün iri sərmayələrin lazım gəldiyi yeni texnologiyanın əslində 2020-ci ildə yox, bir qədər sonra geniş tətbiq oluna biləcəyi qənaətindədirlər. Başqa bir rəyə görə isə, 5G texnologiyası 4G-dən də tez tətbiq olunacaq.

“İntel” şirkətinin biznes və 5G texnologiyası üzrə baş meneceri Robert Topol yeni texnologiyanın post-smartfon dövrünü açacağını, həmin şirkətin qlobal marketinq üzrə vitse-prezidenti Culi Koppernoll isə 5G texnologiyasının telefon rabitəsindən başqa bir çox sahələri də əhatə edəcəyini bildirib.

GSM Assosiasiyasının proqnozuna görə, 2025-ci ilədək 5G-yə qoşulmalar 1,1 milyard, yəni mobil qoşulmalara bütün qoşulmaların 12%-i qədər olacaq. Belə ki, yeni texnologiya smartfonlara daha az enerji sərfi şərtilə daha geniş imkanlar bəxş edəcək. Məsələn, pilotsuz nəqliyyat vasitələri, “smart” evlər, hətta şəhərlər, yəni texniki qurğular arsında daimi rabitə lazım gələn yerdə az qala geniş imkanlar açılacaq. Həmçinin böyük həcmdə məlumatlar görünməmiş sürətlə emal oluna biləcək. Uzaq məsafədə təhsil, səhiyyə xidmətləri, o cümlədən cərrahiyyə əməliyyatları, kənd təsərrüfatı və s. avadanlığı idarə etmək, virtual reallığın görünməmiş keyfiyyəti.

Gündəlik həyatda gətirəcəyi rahatlıqlarla yanaşı, 5G texnologiya proqnoza görə 2035-ci ilədək infrastrukturu dünyada 22 milyon iş yerinin təməlinə çevriləcək, dünya ÜDM-dəki payı isə 2020-2035-ci illərdə 2,4 trilyon dollara çatacaq.

İnfrastruktur məsələsinə gəlincə, ekspertlərə görə 5G texnologiyaları texniki baxımdan mükəmməl olan 4G infrastrukturu üzərində qurulacaq. Ona görə də 4G şəbəkəsinin qurulması işləri davam etdirilir. Belə ki, Azərbaycanda mobil rabitənin ən iri operatoru “Azercell” şirkəti ölkədə ilk tətbiq etdiyi 4G texnologiyasının ötən il şəbəkəsində istifadəçilərinin 3 dəfə çoxaldığını, 5 889 baza stansiyasının 828-nin məhz 4G texnologiyasına aid olduğunu açıqlayıb.

Naxçıvan MR və i.ğal olunmuş ərazi istisna olmaq şərtilə bütün ölkə ərazisində LTE, yəni 4G xidmətləri göstərdiyini bildirən üçüncü operator “Bakcell” şirkəti 7 mindən artıq baza stansiyalarının 1 700-nün 4G şəbəkəsinə aid olduğunu bildirib.

Deməli, 5G şəbəkəsi üçün təməl qurmaq üçün LTE formatını daha da genişləndirmək lazım gələcək. Müvafiq texnoloji bünövrə yaradılsa, sonrakı sərmayələrdə qənaət etmək mümkün olacaq. Bununla yanaşı, operatorlar şəbəkəyə 5G-nin nəhəng imkanları üçün əlavə xidmətlərin də qurulması barədə düşünməli olacaqlar.

Hələlik istehsalçılar 5G texnologiyasını dəstəkləyən yeni smartfonların satışı barədə elan verməyə başlayıblar. Hərçənd “10 il qaydası”na müvafiq olaraq artıq indidən 2030-cu ildə tətbiq olunacaq 6G texnologiyası barədə müjdəli xəbərlər səsləndirilir. Yəni həyat davam edir.

İstinad: Report.az

Terefsiz.az