Məcburi köçkünlərin yaşadığı evlərə “kupça” verilir? – Deputatdan açıqlama

0
67

“Bu kimi təkliflər var. Onlardan birini də Aqil Abbas səsləndirib. Kimsə də başqa təkliflər verə bilər. Ancaq bu, necə olacaq, nə yolla həyata keçiriləcək – bu, dövlət başçısı tərəfindən müəyyənləşdirilir və dövlət proqramı ilə həyata keçirilir”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, millət vəkili həmkarı Aqil Abbasın “dövlət məcburi köçkünlərə verdiyi evlərə çıxarış versin ki, onlar da həmin evi satıb Qarabağda özlərinə ev tikə bilsinlər” təklifinə münasibət bildirib.

Çıxarışların verilməsi məsələsinə toxunan E.Məmmədov əlavə edib:

“O ki qaldı çıxarış məsələsinə, Ermənistandan ev-eşiklərindən qovulub, qaçqın vəziyyətinə düşmüş insanlar ki var, vaxtilə dövlət onlara müəyyən yerlərdə evlər tikib verdi. Sonra isə onların qaçqın statusu dayandırılanda dövlət tərəfindən onlara tikilən evlərin çıxarışları verildi və həmin evlər artıq onların mülkü oldu. Bu, yalnız qaçqınlarla bağlı oldu”.

“Ancaq indi söhbət məcburi köçkünlərdən egdir. İndi burada vəziyyət necə olacaq, artıq bu, dövlət proqramıyla həyata keçiriləcək.

Ötən il Zəngilanın İkinci Ağalı kəndinə köçürmə oldu. İndi Ağalıya köçürülənlərə dövlət Bakıda və Sumqayıtda evlər vermişdisə, artıq Qarabağa köçürülən əhali o evlərin iddiasını etmədilər və onlara çıxarışlar verilmədi. Çünki dövlət onun burada yaşadığı evin əvəzinə daha yaxşısını tikib öz yurd-yuvasında verdi. Hazırda dövlət tərəfindən yüzminlərlə bu kimi evlər tikilib ki, məcburi köçkünlərimiz məskunlaşdırılsın. Məcburi köçkünlər də öz doğma yurd-yuvasına qayıdanda həmin evlər məcburi köçkünlərin əmlakında qalıb-qalmayacaq, evlər təhvil verilib-verilməyəcək, artıq bunu dövlət müəyyən edir. Bu, mənim və yaxud başqalarının təklifiylə olan məsələlər deyil”, – qeyd edib.

Müsahibimiz Qarabağa köçürüləcək məcbur köçkünlərin Bakıda yaşadıqları evlərə iddia etməsini ədalətsizlik sayıb:

“Mən də məcburi köçkünəm. Məsələn, dövlət öz hesabına mənə ev tikib verib. Bu, dövlətin əmlakıdır. Əgər dövlət yenidən məni öz doğma torpağıma qaytararaq, orada ev tikib məni oraya köçürürsə, artıq bu, mənim tərəfimdən ədalətsizlik olar ki, mən buradakı evin də iddiasını edim. Qoy, buradakı ev də mənzilə ehtiyacı olan başqa insanlara verilsin. Mən belə düşünürəm. Nəyə görə 2 yerdə dövlət tərəfindən tikilən evlərə sahiblik iddiasında olmalıyıq? Əgər dövlət məni Xocalıya qaytaracaqsa, eləcə də mənim oradakı evim tikilib bərpa ediləndən sonra məni oraya köçürəcəksə, mən niyə Bakıda dövlət tərəfindən verilən evin iddiasını etməliyəm?”

Rafi MÜSLÜMOV