” Mən də insanam ” – Bənövşə Mahmudqızından şeirlər

0
501

” Mən də insanam ”

Əksilirəm zərrə-zərrə
Çox yaşadım bu ” qədər “lə.
Ümid etdim,
Bir gün bitər kədərlər…
Mən bitirəm,
Mən gedirəm,
Amma onlar bitmirlər.
Kədərlər, kədərlər…
Ey insanlar, verdiyiniz zəhərlər
Yetir ancaq qəhərlə boğmağa.
Qoymur gələcəyə baxmağa.
Mənim kimi bir axmağa
Bəlkə ” azdır ” deyirsiz,
Bəlkə haqlısız,
Bəlkə deyilsiz.
Xatırladım,
Mənim də var bir adım,
Xatırladım, mən də insanam.
Bəlkə deyiləm, yox sanılan,
Mən özümü yox sayıram,
Sizin üçün yaşayıram.
Bəlkə deyiləm, yox sanılan,
Bəlkə bir gün anılam,
Öldükdən sonra…
İstəmirəm, anlaşılam,
Öldükdən sonra…
Məni indi dərk edin,
Məni indi anlayın.
Sığallayın,
Qucaqlayın.
Səhvlərimi bağışlayın,
Düzlərimi alqışlayın.
Anlayın, anlayın,
Mən də insanam.


 

” Boş – boşuna ”

Çox gördüm…
Kiçilib, böyüyəni,
Böyüyüb kiçiləni…
İnsan çöhrəsindəki
O kədəri, çiləni,
Dərk edib, etməyəni…
Bu dünya…
Sarsaqlarla doludur,
İnsani yerindən
Axsaqlarla doludur.
Sən ol dedin,
Mən oldum,
Onlar oldu,
Biz olduq.
Boş – boşuna dünyanı
Doldurduqca, doldurduq…


 

“Gül kimi arzular”

Ürək usanmaz arzular doğar
Bütün İnsanlar arzular dilər…
Həyata ya keçməz, ya da ki keçər.
Mən də dilədim.
Hətta diləndim…
Bəzən üsyanlar,
Bəzən dualar
yenə arzular,
keçməz həyata.
Yəqin..
Səsim yetməz,
Allah oturan
həmin o qata.
Qorxuram indi
xəyal qurmaqdan
Xəyalla birliktə
mən qırılmaqdan.
İçində gül olan bir güldan düşün
Gül ilə birlikdə o yerə düşür
Gül susuz qalıb,
Güldan qırılıb…
Güldanı boş ver, sən,
ey Allahım,
Gül kimi arzular sənə darılıb…

Müəllif : Bənövşə Mahmudqızı